Milyarder Fərhad Əhmədov 90 min manat borcunu ödəmir

 04-05-2023

Milyarder Fərhad Əhmədov iş adamı Ruslan Hüseynova olan borcunu ödəməkdən yayınır. 

Bu barədə Qaynarinfo.az-a Ruslan Hüseynovun özü bildirib. Onun sözlərinə görə, borcun məbləği 90 min manatdır.

"Mən "HAVİSSOS” MMC-nin təsisçisi və direktoruyam. Şirkətimiz ventilyasiya, isitmə, soyutma və su təchizatı, qısaca VİSST sistemlərinin quraşdırılması və və montajı ilə məşğuldur. 2016 -cı ildən Fərhad Əhmədov ilə əməkdaşlığa başlamışıq və bir neçə obyektində VİSST sistemlərinin montajını icra etmişik. Görülən işlər qarşılıqlı müqavilə əsasında icra olunub. Həmçinin dəfələrlə yerli və xarici audit şirkətləri tərəfindən yoxlanılıb. 

Göyçay rayonunun Potu kəndində, Fərhad Əhmədova məxsus rezidensdə 30 yanvar 2019 tarixli müqavilə əsasında VİSST sistemlərinin montajını icra etmişik. İşlər 2 ildir bitməsinə və hazırda sifarişçinin istismarında olmasına baxmayaraq, müqavilə məbləğinin geri qalan 10% hissəsi, yəni, ƏDV daxil 53 131,70 AZN  ödənilməmiş qalıb”, deyə Ruslan Hüseynov bildirib. 

İş adamının sözlərinə görə, bundan başqa, İsmayıllı rayonunun Kürdmaşı kəndində inşa edilən Fərhad Əhmədova məxsus rezidensiyanın həyətində "Peyzaj suvarma” sistemlərinin montajı işləri görülüb. 

Ruslan Hüseynov bildirib ki, bununla da bağlı müqavilə var: "İş artıq 4 ildən artıqdır təhvil verilib. Amma Fərhad Əhmədov ƏDV daxil 36 364,35 AZN borcu ödəmək istəmir. Dəfələrlə yazılı və şifahi xahişlər etməyimizə baxmayaraq Fərhad Əhmədov bizə olan borcu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır”, deyə iş adamı əlavə edib. 

Ruslan Hüseynov deyib ki, artıq milyarderi məhkəməyə vermək qərarına gəlib: "Yəqin ki, yaxın vaxtlarda məhkəməyə də müraciət edəcəyik. Biz hüquqi dövlətdə yaşayırıq. Hamı qanun qarşısında bərabərdir. Bizim işimizdə hər hansı nöqsan yoxdur. Audit yoxlamaları da aparılıb, hər şey qaydasındadır. Amma Fərhad Əhmədov faktiki olaraq gücündən istifadə edib bizim pulumuzu vermək istəmir”.

Ruslan Hüseynov Fərhad Əhmədovla imzalanan müqavilələrin də surətini redaksiyaya təqdim edib. Müqavilələrdən də görünür ki, Fərhad Əhmədov öhdəliklərə əməl etmir. 

Fərhad Əhmədov Rusiya vətəndaşıdır. Azərbaycanda da biznes obyektləri var. Hazırda adı bir sıra qalmaqallarda hallanır. Bunların sırasına müxtəlif iş adamları ilə aralarında maliyyə problemlərinin olması da daxildir. 

Ruslan Hüseynovun iddiaları ilə bağlı milyarderin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çoxsaylı cəhdlərimizə rəğmən Fərhad Əhmədovla əlaqə yaratmaq mümkün olmadı.
 

Bənzər yazılar

0.27222919464111