"Azəri-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) "SIMTODAY” MMC və "Ulduz Taksi” MMC-ni məhkəməyə verib.
Qaynarinfo.az xəbər verir ki, bank eyni zamanda Qurbanlı Mustafa Mübariz oğlu adlı şəxs barəsində iddia qaldırıb. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.
Bankın iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.
"SIMTODAY” MMC 24 iyun 2015-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Dadaşov Ramin Rəşid oğludur.
"Ulduz Taksi” MMC 17 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin qanuni təmsilçisi Abdullayev Kamran Rəfail oğludur.
Qurbanlı Mustafa Mübariz oğluna gəlincə, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının kiçik oğludur.
"Azəri-Türk Bank” ASC-nin "SIMTODAY” və "Ulduz Taksi” şirkətləri ilə yanaşı Mustafa Qurbanlını da məhkəməyə verməsi diqqət çəkir. Belə qənaət formalaşır ki, onun bu şirkətlərlə hansısa bağlılığı var. Lakin buna dair açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.