Bəzən elə şəxsiyyətlər olur ki, düşünürsən ki, əgər bu adam bizim ölkənin, dövlətin tarixində olmasaydı görən necə olardı?
Daha yaxşı olardı, yoxsa daha pis?
Bütün hallarda bu şəxslər Azərbaycan tarixinin və daha sonra dövlətçiliyinin formalaşmasında böyük rol oynayıblar. Bəziləri həyatını sürgündə, bəziləri isə mühacirətdə başa vurub. Və belə baxanda bu şəxslər ideya uğrunda özlərini, yaxınlarını qurban veriblər. Ortada sən deyən milyonlar, səltənətlər, krallıqlar da olmayıb.
Məsələn Əlimərdan bəy Topçubaşov Parisdən baş nazir Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda yazırdı: “Bizim də azad və müstəqil yaşamaq üçün ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır... Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edir və bu böyüklükdə, hətta dövründə haqqı ödənilməyən səadət qısa zamanda bitir. Cümhuriyyətin süqutu ilə yanaşı Azərbaycanın bir sıra işıqlı, ziyalı insanları da məhv olurlar. Lakin həmin ulduzlar liqasında olan heyət, xüsusən də Topçubaşov, Rəsulzadə və digərləri mühacirətdə olsalar da, daim hüquqi və maddi çətinliklər yaşasalar da, bir gün Azərbaycanın müstəqil dövlət olacağına inanır və bu inamla, ümidlə mübarizələrini davam etdirirdilər. Yəqin ki, bu gün müstəqil Azərbaycan uğrunda mübarizə aparan və həyatını bu ideyaya qurban verən hər bir kəsin ruhu şaddır. Elə Əlimərdan bəy Topçubaşovun da.
Bu gün 4 may Əlimərdan bəy Topçubaşovun doğulduğu gündür. O, 1862-ci ilin bu günü Tiflis şəhərində doğulub. Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Düşünürəm ki, Topçubaşovun müasir və mütərəqqi düşüncəyə malik olması, demokratiya və sülhə bu dərəcədə çox böyük dəyər verməsi məhz onun formalaşdığı mühitdən və ən əsası aldığı təhsildən irəli gəlir. Hüquq elmini mükəmməl bilən Əlimərdan bəy Azərbaycan, rus, fars, fransız, ingilis və gürcü dillərini mükəmməl bilirdi. Təsəvvür edin ki, bu dillərdə dövrünün dərc olunan qəzet və kitablarını oxuyurdu. Dünyada baş verənlərdən xəbər tuturdu. Qeyd edim ki, Peterburqdakı universiteti də fərqlənmə ilə bitirmişdi. Məzun olduqdan sonra bir müddət Bakıda hüquq-mühafizə orqanlarında çalışan Əlimərdan bəy bu işin ona zövq vermədiyini anlayaraq, bu fəaliyyət sahəsindən uzaqlaşır. Və onun həyat yolu milyonçu, mesenat H.Z.Tağıyevlə kəsişir.
1895-ci ildə “Kaspi” qəzeti redaksiyasını və onun mətbəəsini alan H.Z.Tağıyev qəzetə redaktorluğu Ə.Topçubaşova etibar edir. Beləliklə Bakının ictimai-siyasi həyatında yeni fiqur, yeni ad yaranır - Əlimərdan bəy Topçubaşov. Bu gün boylanıb XIX əsrə XXI əsrdən baxsaq Əlimərdan bəyin fantastik karyera inkişafına, həmçinin onun bilik və savadına yalnız həsəd apara bilərik. Qısa zaman ərzində Əlimərdan bəy Bakı dumasına üzv seçilir, bir müddət Bakı dumasına sədrlik də edir. Bu bir türk, bir müsəlman gənci üçün həqiqətən də möhtəşəm nəticə idi.
Qeyd edim ki, XX əsrin əvvəllərində çar (Rusiya) hökuməti müsəlman xalqları arasında müstəmləkəçilik və ayrı-seçkilik siyasəti yeridərək, onların inkişafının qarşısını almaq və hüquqlarının tapdanması üçün əlindən gələn bütün işlərə əl atırdı. Çar hökuməti üçün müsəlman, ələlxüsus türk milləti yalnız qara fəhlə demək idi.
Amma görünür ki, bütün bu baş verənlər, mübarizə Əlimərdan bəyi daha böyük işlərə hazırlayırmış. Kim deyə bilərdi ki, Bakı dumasının sədri bir gün Müsəlman Şərqində ilk demokratik dövlətin qurucularından biri, Azərbaycan Demokratik Respublikasının Xarici İşlər naziri olacaq, Paris Sülh Konfransında siyasətçi, diplomat kimi 1 yaşlı Cümhuriyyəti təmsil edəcək, Amerikanın prezidenti ilə görüşəcək.
Qayıdaq 1918-ci ilə. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunur. Yeni yaranmış Müstəqil Azərbaycan Cümhuriyyətinin bütün dünyada tanıdılması və ya təqdim edilməsi Əlimərdan bəyin üzərinə düşür. Yenə də anlayırıq ki, bu işi ilk növbədə savadlı, bir neçə xarici dil bilən və xarizmatik biri olan edə bilərdi. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən, üstəgəl dövrümüzə gəlib çatan fotoları bir daha sübut edir ki, Əlimərdan bəy həm də mükəmməl zövqə malik idi.
1918-ci ilin avqustunda Ə.Topçubaşov Azərbaycan Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula yola düşür və əsas missiyasına, diplomatik fəaliyyətə başlayır. 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək o, İstanbulda 36 rəsmi görüş keçirir və danışıqlar aparır. Danışıqlar barədə onun ətraflı qeydləri bu gün də arxivlərdə saxlanılır.
Əlimərdan bəyin qeydlərində onun Türkiyə hökumətinin baş nazirləri Tələt paşa, İzzət paşa, Tofiq paşa ilə, Türkiyənin xarici işlər, ədliyyə, hərbi, xalq maarifi, maliyyə nazirləri və digər yüksək rütbəli hökumət nümayəndələri ilə, həmçinin Şeyxülislamla görüşləri barədə ətraflı məlumat verilir. 1919-cu il yanvar ayının 10-da isə onu Sultan Mehmed qəbul edir. Əlimərdan bəy deyəndə ki, “…biz azərbaycanlıların bədxahları həmişə olub və yenə də var. Amma sizi əmin etməyə cürət edirəm ki, Azərbaycan türkləri heç vaxt bu düşmənlərdən qoxmamışlar. Ona görə bilirdilər ki, onların Türkiyə kimi “böyük dostu var”. Sultan Əlimərdan bəyin sözlərinə düzəliş edərək “Dostu yox, qardaşı!” - deyir.
Bu ifadə 2023-cü ildə necə də eyni sevgi, eyni həvəs, eyni eşqlə söylənilir.
İstanbulda olarkən Əlimərdan bəy İngiltərənin, ABŞ-nin, İtaliyanın, Hollandiyanın (İndiki Niderlandın – red.), İsveçin, İranın, Ukraynanın İstanbulda olan səlahiyyətli nümayəndələri ilə və digər yüksək çinli məmurlarla görüşür.
Topçubaşovun simasında Azərbaycan Cümhuriyyətinin hökumətini təmsil edənlər Fransa ilə bağlı daha bir maraqlı fakt yaşayır. 1918-ci il dekabr ayının axırlarında Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyəti və heyətin sədri Əlimərdan bəyin Parisə getməsi üçün viza verilməsinə böyük əngəllər yaradılır. Təbii ki, bu işdə əzəli-ədəbi “dostlarımız”, ermənilərin və lobbisinin əməyi olur. Amma və lakin Əlimərdan bəy bununla barışmır və məsələnin həlli üçün müxtəlif yollar axtarır. Üç aylıq mübarizədən sonra Əlimərdan bəy və nümayəndə heyəti 1919-cu ilin may ayında Parisə çatırlar.
Parisdə Ə.Topçubaşovun apardığı işlər nəticəsində ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsi gündəliyə salınaraq müzakirə olunur.
1919-cu il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günündə ABŞ Prezidenti V.Vilson. Ə.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul edir.
Görüşün sonunda Əlimərdan bəy nümayəndə heyətinin memorandum-xatırlatmasını da Vilsona təqdim edir.
Bu hadisələr bu gün xronoloji tarixi faktlar kimi oxunsa da, bir türk, bir müsəlman xalqının nümayəndələrinin Avropada öz dövlətinin hüququnu müdafiə etməsi, xalqının gələcək müqəddəratını müəyyən etməsi üçün göstərilən təsvirolunmaz çabalar idi. Uzun müddət Rus imperiyasının müstəmləkəsi olan bu balaca ölkənin vətəndaşlarının etdikləri bu gün Marsa uçmaq kimi bir şeydir.
O dönəm üçün dünyanın yeni quruluşu elan olunarkən, inqilab və üsyanlar yaşanarkən balaca, tanınmayan, lakin öz müstəqilliyini dünyaya tanıdan bir Azərbaycan Xalq Cümhuriyyəti var idi. Bu cümhuriyyət uğrunda hər şeyindən keçənlər var idi. Cümhuriyyətin süqutundan sonra Əlimərdan bəy Parisdən qayıtmır və ömrünün sonunadək orada yaşayır. Azərbaycanın azadlığı naminə mübarizəsini davam etdirir.
Əlimərdan bəy dəfələrlə Cümhuriyyət hökuməti tərəfindən ona verilən mandatla müxtəlif beynəlxalq toplantılarda iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında danışır. Adam süqut etmiş Cümhuriyyətinin var olduğunu hər vəchlə sübut edir, onun haqq və hüquqlarını müdafiə edir. Düşünürəm ki, Əlimərdan bəy ömrünün sonuna kimi Cümhuriyyətin süqutunu qəbul edə bilməyib. Bu böyüklükdə eşq isə ancaq ölümlə bitə bilərdi.
Ə.Topçubaşov 1934-cü il noyabr ayının 5-də Parisdə vəfat edir. Onun son mənzili St. Kloud qəbiristanlığında olsa da, sevgisi və xatirəsi Azərbaycanın qəlbindədir. Məhz bu sevgi onun 1993-cü ildə St. Kloud qəbiristanlığında olan məzarının məhv olunmasının qarşısını alır. 1993-cü ildə Heydər Əliyev Topçubaşovun məzarını ziyarət etdikdə ona bildirirlər ki, bura bahalı qəbiristanlıq olduğu üçün, burada icarə haqqı da bahadır. O vaxt Parisdə olan türk mühacirləri ianə toplayaraq Topçubaşovun məzarını qoruya biliblər. İndi isə icarəni ödəyən olmadığı üçün məzar da dağıdılacaq. Heydər Əliyev Topçubaşovun və onun ailəsinin uyuduğu məzarın ödənişi edir və Topçubaşovun xatirəsinin yaşadır.
Bu gün Fransaya üz tutan hər bir azərbaycanlı St. Kloud qəbiristanlığında Topçubaşovun məzarını ziyarət edə bilər. Həm o məzarda uyuyan, həm də o məzarı dağıdılmaqdan qoruyan Heydər Əliyevin ruhunu böyük ehtiramla yad edirik.
Ruhu şad olsun!
Kubra Məhərrəmova