Rafael Cəbrayılovun məhkəməsi ilə bağlı DİN-ə müraciət edilib

 10-03-2022

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə bildirilib ki, zərərçəkmiş qismində tanınmış Təranə Fətəliyeva və Vidadi Məmmədova dəfələrlə çağırış göndərilsə də, məhkəməyə gəlmirlər.

Vəkil Kamandar Nəsibov da məhkəmə prosesinin səbəbsiz uzadılmasına etiraz edib. Vəkil zərərçəkmiş şəxslərin bu addımını məhkəməyə hörmətsizlik kimi qiymətləndirib.

Məhkəmə barələrində məcburi gətirilmə qərarı olan hər iki şəxsin prosesdə iştiraklarının təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət göndərilməsi ilə bağlı qərar qəbul edib.Proses martın 31-dək təxirə salınıb.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

Bənzər yazılar

0.22837090492249