Mayın 24-dən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayonunun ərazisində bir sıra fəsadlar törədib.
“Report”un xəbərinə görə, Ağçayın üzərində yerləşən körpünü güclü sel uçurub, nəticədə rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndi ilə əlaqə kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində, Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.