Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
MillətinSəsi.info xəbər verir ki, sərəncamda deyilir:
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Samir Məmmədov 1974-cü il Bakıda doğulub.
Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.
2006-cı ildə Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə gətirilib.
2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsilini davam etdirib və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir. Ailəlidir.