Ombudsman Tərtərdə mina partlayışı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib

 29-04-2023

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtərdə baş vermiş mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması faktı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi mina terroru və azərbaycanlılara qarşı nifrət siyasəti günahsız insanların qətlə yetirilməsinə səbəb olmaqdadır.

“Dərin təəssüf hissi ilə bildirirəm ki, cari ilin 28 aprel tarixində Tərtər rayonunun Talış kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində üç nəfər mülki şəxs həlak olub. Ermənistanın növbəti mina terrorunun qurbanına çevrilərək həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm!

Ermənistan 30 ilə yaxın bir dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq insanların həyat və sağlamlığına zərər vermək məqsədilə yüzminlərlə mina basdırıb. 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonrakı dövrdə 300-dək insan mina qurbanı olub, onlardan 54 nəfəri həyatını itirib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan nəinki ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, son dövrlər baş vermiş mina hadisələrinin araşdırılması zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur.

Dünya ictimaiyyətinin, əlaqədar beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana ciddi təsir göstərməməsi son dövrlərdə regionda bu kimi təxribatyönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter almasına səbəb olmaqdadır.

Dəfələrlə tələb edilməsinə baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim olunmaması nəticə etibarilə çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə gətirib çıxaran mina partlayışlarının baş verməsinə səbəb olur.

Bununla əlaqədar bir daha dünya ictimaiyyətinə müraciət edərək, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın mina terrorunun aradan qaldırılması məqsədilə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim edilməsinə dəstək verməyə və beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıram”.

Bənzər yazılar

0.51428318023682