Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda qanunda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.
Eyni zamanda, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır.
Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər beş il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin beş ildən üç ilə endirilməsi təklif olunur.