“Gələcəyin ekoloji avtomobili” ilə “Yaşıl ölkə”yə səyahət

 26-04-2023

Ölkəmizdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtomobillərin yürüşü baş tutacaq. “Yaşıl ölkə” adlanan bu layihəni Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) həyata keçirir.

İlk ekoloji avtoyürüş ötən il mayın 10-da Bakı-Mingəçevir marşrutu ilə keçirilib. Builki tədbir barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib:

“Avtomobil yürüşləri ən mobil və baxımlı aksiyalardandır. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu cür tədbirlər tarixi hadisələrə, tarixi şəxsiyyətlərə həsr olunurlar. Bəzən cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək üçün də avtomobil yürüşü kimi effektli alətdən istifadə olunur. AADA-nın keçirəcəyi yürüş bu missiyaları özündə birləşdirir.

Məlumdur ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Ölkəmizin bütün bölgələrində ardıcıl olaraq ulu öndərə həsr olunmuş tədbirlər keçirilir. Biz avtomobil sektorunun nümayəndələri olaraq, öz yürüşümüzlə bu proqrama qoşulmağı qərara aldıq. Lakin bu adi yürüş deyil, avtomobil karvanı yalnız elektromobil və “hibridlərdən” ibarət olacaq. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım ölkəsinə” çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdədir.

Diqqətinizə çatdırım ki, məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” adlı növbəti rəsm müsabiqəsinə də start vermişik və müsabiqənin nəticələri “Yaşıl ölkə” yürüşünün startından öncə elan olunacaq. Müsabiqənin şərtləri ilə AADA-nın rəsmi internet saytında və ya sosial şəbəkələrdəki səhifələrimizdə tanış olmaq mümkündür.

Qalibləri pul mükafatları və hədiyyələr gözləyir. Bu müsabiqə ilk dəfə 2022-ci ildə baş tutub. Həmən müsabiqənin qaliblərinə diplom və hədiyyələri Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Muhamməd Ben Sulayem təqdim ediblər. Düşünürəm ki, gənc avtomobil dizaynerləri bu günü yaddan çıxarmayacaqlar. Hazırda elan etdiyimiz müsabiqəyə maraq böyükdür, olduqca maraqlı əsərlər göndərilir. Xatırladım ki, münsiflər heyətinin rəhbər funksiyasını könüllü olaraq, xaricdə fəaliyyət göstərən həmyerlimiz Samir Sadıxov artıq ikinci dəfə öz üzərinə götürüb. Odur ki, ilkin seçmə mərhələsindən sonra bütün rəsmlər dünya şöhrətli peşəkar dizaynerə göndərilir. 

AADA sıralarında 40-dan çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birləşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiya mütəmadi olaraq araşdırmalar aparır, müxtəlif təkliflər hazırlayır, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr təşkil edir. Bununla yanaşı, AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 20 ildən çoxdur ki, biz “Caspian MotorShow”, “Caucasus MotorShow” adlı avtomobil sərgiləri təşkil edirik. Müstəqil Azərbaycanda elə ilk avtomobil yürüşünü də bizim assosiasiya hələ 28 may 1999-cu ildə təşkil edib. Ölkə ərazisində ən iricoğrafiyalı yürüşümüz isə “İlhamla Irəli” şüarı altında 2008-ci ildə baş tutub. Bu yürüşün ümumi marşrutu 850 km təşkil edib.

Beləliklə, AADA-nın parlaq avtomobil tədbirləri təşkil etməkdə təcrübəsi böyükdür. Adi minik və ya “off-road” avtomobillərinin iştirakı ilə dəfələrlə yürüşlər etmişik. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtoyürüşün Qarabağ torpağından keçməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş torpaqlarda yenidən qurulan və təbiətlə vəhdət təşkil edən müasir kənd və şəhərlər fonunda ekoloji cəhətdən zərərsiz avtomobil karvanının yürüşü, zənnimcə, bütün dünyaya da son dərəcə mənalı mesaj olacaq. 

“Yaşıl ölkə” avtomobil yürüşünün dəqiq zamanı barədə yaxın günlərdə məlumat veriləcək. Avtomobil karvanında əsasən rəsmi dilerlər tərəfindən təqdim olunan modellər üstünlük təşkil edəcək, lakin ekoloji nəqliyyat vasitələrindən istifadə edən təşkilatlar, klublar və fərdi şəxslər də bu tədbirə qoşula bilərlər.

Layihənin gerçəkləşməsində hər zaman olduğu kimi, Azərbaycan Avtomobil Federasiyası (AAF) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yardımına güvənirik. Yürüşün Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərinə istiqamət alacağını nəzərə alsaq, Mədəniyyət Nazirliyinin bizə göstərdiyi təşkilati dəstək də məntiqlidir. Eləcə də AADA-nın rəsmi tərəfdaşı Mashin.al onlayn avtomobil mərkəzinə təşəkkür edirik”.

Bənzər yazılar

0.13712501525879