2017-ci ilin may-iyun aylarında Tərtərlə eyni vaxtla Beyləqanda da hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.
Meydan TV xəbər verir ki, bu cinayət işi üzrə məhkəmə qarşısında beş nəfər dayanıb.
Onlardan biri də həmin hadisələr zamanı II Ordu korpusunun qərargah rəisi olmuş, həbs olunarkən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdur. Digərləri isə hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov, korpusun hüquqşünası İntiqam Məmmədov, Ülvi Rəşidov və Ziya Kazımovdur.
Beyləqan hadisələri də “Tərtər işi” üzrə icraat təzələnəndən sonra Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılıb. Bu cinayət işi üzrə istintaqı başa çatanların işləri qrup şəklində hissə-hissə məhkəməyə göndərilir. Artıq xeyli vaxtdır Tərtər hadisələrilə bağlı 4 nəfərlik və Beyləqan işi üzrə beş nəfərlik iki qrupun işi məhkəmədə araşdırılır. Tərtər işgəncələrilə bağlı daha bir qrupun işi üzrə istintaq yekunlaşıb və yaxın vaxtlarda iş məhkəməyə gedəcək.
Bu işlərin hamısını Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Amma məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
“Sənin dərini boğazından çıxartdıracam”
Aprelin 20-də Beyləqan işi üzrə məhkəmədə 15-dən çox zərərçəkmiş dindirilib. Onlardan biri – Orxan Səfərli danışır ki, 2017-ci ilin mayında məzuniyyətdə olub. Həmin vaxt onu hərbi hissə komandiri ezamiyyət adıyla çağıraraq, köhnə hərbi hissə binasına göndərib. Orada məruz qaldığı işgəncələrdən danışan Səfərlinin sözlərinə görə, onları döyənlər qara maskalılar idi:
“Bizə dedilər ki, vətənə xəyanət eləmisiniz, düşmənlə əlaqədə olmusunuz. Etiraz edəndə biri dedi ki, “təpənə bir güllə vuraram, ailənin də xəbəri olmaz”. Əl-ayağımızı bağlamışdılar. Məni “bayquşgöz” adlanan bir cihazı qəsdən xarab eləməkdə günahlandırırdılar. Halbuki, o cihaz ümumiyyətlə, məndə olmamışdı”.
Başqa bir zərərçəkmiş Yusif Məmmədov içkili vəziyyətdə erməni postuna getməsindən, orada bir əsgəri güllələyib geri qayıtmasından, buna görə əvvəlcə mükafatlandırılacağı haqda vəd verilib, hətta foto çəkilib, sonradan dövlətə xəyanət ittihamıyla həbs olunmasından danışıb. Onun sözlərinə görə, içkili vəziyyətdə erməni postuna tərəf getdiyini görən hərbçi yoldaşı Cavidan Dadaşov o, neytral əraziyə çatanda arxasınca gəlməyə başlayıb.
“Erməni səngərindəki əsgəri güllələyib geri qayıtmışdı. Biz qayıdana qədər vəzifəlilər tökülüb gəlmişdilər. Korpus komandirinə qədər hamı oradaydı. Bizdən soruşdular ki, necə, hansı yollarla getmişik, nə baş verib. Hamısını olduğu kimi danışdıq, şəklimizi çəkdilər. Dedilər ki, qəzetə verəcəklər. Mükafatlandıracaqlar”.
Yusif Məmmədov danışır ki, 4-5 gün keçəndən sonra onu II Ordu korpusunun komandiri Mais Bərxudarovun çağırdığını deyiblər. Onun qəbuluna gedib. Orada korpus komandiri izahatda nə yazdığını soruşub:
“Dedim ki, necə olubsa, elə də yazmışam. Dedi ki, siz erməniyə işləyirsiz, sənin dərini boğazından çıxartdıracam. Mən otaqdan çıxandan sonra ora Cavidan Dadaşovu çağırtdırdı. Bir az sonra mülki geyimlilər başıma torba keçirib apardılar. İşgəncələr başladı…”.
Onun sözlərinə görə, günlərdə davam edən işgəncələrdən sonra ona Cavidan Dadaşovun səs yazısını gətiriblər. Orada Cavidan Dadaşov ermənilərlə işbirliyində olduqlarını deyib.
“Mənə dedilər ki, sən də boynuna al. Dedim axı, elə şey olmayıb. İşgəncə yenə davam elədi. Mənə işgəncə verənlərə rəhbərlik edənlərdən biri Ülvi Rəşidov idi. O, Cavidanın dediyini təsdiqləməyimi tələb edirdi. Həm də Adil Sabirlinin adını çəkməyimi istəyirdi. Demirdim, onda otaqdan çıxırdı, dərhal işgəncə verənlər gəlirdi və yenə işgəncələr davam edirdi. Ona görə axırda işgəncələrə dözməyib dedim”.
Leytenant Adil Sabirli işgəncələr nəticəsində həyatını itirib.
Yusif Məmmədovun özü haqqında isə cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş deyib ki, məhkəməyə və saxlanmaq üçün polis şöbəsinə aparılanda çox pis vəziyyətdə olub: “Məni o vəziyyətdə həbs elədilər”.
Sonradan dövlətə xəyanət ittihamına xitam verilib. Onun üzərinə 3 başqa maddə ilə ittiham qalıb. 10 aylıq həbs və 300 manat cərimə cəzası kəsilib.
“Kürəyimə o qədər vurmuşdular, barmaq qoymağa yer yox idi”
Daha bir zərərçəkmiş Sərvər Ələsgərov da məhkəmədə dindirilib. O bildirib ki, Yusif Məmmədovun əleyhinə ifadə vermək üçün ağılasığmaz işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, qamçı izlərindən kürəyində barmaq qoymağa yer yox idi. Sonda dözməyib, Yusif Məmmədovu neytral ərazidə düşmənlə söhbət edərkən görməsi haqda ifadə verib.
“Başlarında maska, əllərində silah olan adamlar bizi soyundurub atdılar betonun üstünə. Qamçı ilə döyürdülər. Kürəyimə o qədər vurmuşdular, barmaq qoymağa yer yox idi. Guya posta düşmən gəlib, mən də ona çay süzmüşəm. And-aman eləyirəm ki, belə şey olmayıb, xeyri yoxdur. Mənə balta və doğranmış ət göstərdilər, dedilər ki, Yusifdi, xainliyinə görə doğramışıq”, – zərərçəkmiş ifadəsində bildirib.
O, Yusif Məmmədovun erməni postuna gedərkən içkili olduğunu təsdiqləyib. Deyib ki, getməmişdən əvvəl gəlib, digər hərbçilərə də xəbərdarlıq edib ki, birdən qarşı tərəfdən atəş səsləri gəlsə, dərhal onlar da reaksiya versinlər:
“Yusiflə iki gün idi birlikdə posta çıxırdıq. İçkili vəziyyətdə gəldi ki, gedib erməniləri öldürəcəm. Əgər o tərəfdən güllə səsləri eşitsəniz, siz də atın. Çıxıb getdi, dərhal bölüyə xəbər verdim, tökülüşüb gəldilər. Yusifgil qayıdandan sonra onların şəklini şəhidlərin plakatının yanında çəkdilər, dedilər ki, mükafatlandıracaqlar”.
“Mənə şər atırdılar ki, nənəm və babam ermənidir”
Zərərçəkmiş İmran Musəvi deyir ki, o, işgəncəyə məruz qalmayıb, lakin bir həftə qanunsuz saxlanılıb. Bu müddətdə özü və ailəsi ciddi sarsıntı keçirib, şərəf və ləyaqəti alçaldılıb. Hazırda da zabit kimi xidmət edən İmran Musəvi deyir ki, nənə və babasının erməni olduğunu iddia edib, ona şər atırdılar:
“Məni telefonoqramla çağırmışdılar. Gedəndə gördüm ki, orada 20-dən çox adamı yığıblar. Buradakı təqsirləndirilən şəxslərdən Rahib Məmmədov və İntiqam Məmmədov əllərindəki siyahı ilə hamını düzmüşdü, adları çəkib, bir-bir bizi kazarmaya doğru göndərirdi. Kəmərlərimizi, başqa şəxsi əşyalarımızı aldılar. O günlərdə silahlı şəxslərin müşayiətilə yeməyə aparırdılar. Mən bir dəfə yeməyə getdim. Çünki bu şəkildə gedib yeməyi zabit kimi qüruruma sığışdırmırdım. Sağ olsun yoldaşlar, gələndə çörəyin arasında nəsə gətirirdilər”.
Nənə və babasının erməni olması haqda iddiaların tam yalan olduğunu deyən zərərçəkmişin sözlərinə görə, adını siyahıya daxil edən, telefonoqramla onu çağıran şəxsin kimliyini öyrənmək onun üçün vacibdir. Çünki baş verən hadisələr nəticəsində ailəsi ciddi zərbə alıb:
“Onlara da dedim, neçə il ali hərbi məktəb oxumuşam, ön cəbhədə xidmət eləmişəm, indi niyə araşdırmaq yadınıza düşüb? Özüm 32 yaşımda 50 yaşlı adam kimi görünürəm. Yoldaşıma deyiblər ki, ərin erməniyə işlədiyinə görə həbs olunub, ürəyi gedib. Sonradan özüm xüsusi şöbəyə müraciət etdim ki, araşdırsınlar nəsil-kökümü. Cavab verdilər ki, hamısı yalandır, hamısı təmiz azərbaycanlıdır”.
Zərərçəkmiş Yasin Quliyev də məhkəmədə dindirilənlər arasında olub. O deyir ki, həmin vaxt həyat yoldaşını ilan sancmışdı, ağır vəziyyətdə xəstəxanaya aparılmışdı. Bununla əlaqədar təcili məzuniyyət götürmüşdü, getmək istəyəndə polkovnik Seymur Həbibullayev imkan verməyib. Çünki salam vermədiyinə görə Həbibullayev ona acıqlı olub:
“Seymur Həbibullayev barmağımı sındırmışdı. Sonra da aparıb məni İntiqam Məmmədova təhvil verdi. Mənim izahatımı Rahib Məmmədov alırdı. Mənə dedilər ki, “boynuna al, erməniyə işləyirsən”. İntiqam içəri girdi, sinəmə təpik vurdu, ürəyim getdi. Üstümə su tökdülər, ayıldım. İntiqam Məmmədov deyirdi ki, səni öldürüb, deyərik ki, keçdi qardaşlarının yanına”.
Təqsirləndirilən İntiqam Məmmədov isə zərərçəkmişin yalan danışdığını, ona böhtan atdığını bildirib: “Bu adamı öyrədib göndəriblər bura”.
Məhkəmədə Bəkir Orucovun vəkili yenə də onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin bu dəfə də vəsatət təmin olunmayıb.
Bu cinayət işi üzrə 63 zərərçəkmiş, 31 şahid var.
Məhkəmə prosesi aprelin 27-də davam edəcək.
Təqsirləndirilən şəxslərə qarşı işgəncə vermə, qəsdən bədənə ağır xəsarət yetirmə, qanunsuz azadlıqdan məhrumetmə və başqa ittihamlar irəli sürülüb. Lakin onların heç biri özünü təqsirli bilmir.