İş xanımı atasının qətli ilə bağlı açıqlama yaydı: “Biri deputatın dayısıdır…”

 20-04-2023

İş xanımı Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı lent.az-a müraciət edib.

Elnarə bu barədə instaqramda canlı yayımda bildirib. O, istintaqın gedişi ilə bağlı bunları deyib:

“Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedib və oğurlanaraq qətlə yetirilib. Bunu edənlərin qanun qarşısında cavab verməsi üçün əlimdən gələni edəcəyəm. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Baş Prokurorluqdan məsələni öz üzərinə götürməsini xahiş edirəm. Hisslərimi cilovlaya bilmirəm. Atam övladlarımıza babalıq yox, atalıq edib. Atamın qətlində təqsirli bilinən şəxsin yaxınlarının vəzifəli şəxs olduğunu öyrənmişən. Ölkədə bir insan oğurluğu baş verib və qətllə nəticələnib. Amansız şəkildə qarnına, ayağına daş bağlayıb quyuya atıblar. Ailəmiz buna dözə bilmir. Bunu törətməkdə təqsirli bilinənlərin ailəsindən heç kim gəlib bizə üzürxahlıq etmədi.

Atamla dünyasını dəyişməzdən bir gün əvvəl danışdım, dedi ki, qorxma böyük adamlardır, pulu göstərəcəm, iş görəcəyik. Dövlətimə güvənirəm. İnanıram ki, cinayəti törədənlər lazımi cəzanı alacaqlar.

Atamın cinayətindən məlumat ala bilmirəm. Atam hansı maşınla gedib, necə olub, hansı saatda öldürülüb deyilmir. Onlara bir maddə ilə iş açmısınız. Atamın ölüm xəbərini saytlardan öyrəndim. Atamın üst geyimini tapa bilmirəm. Zəng edib morqdan özüm soruşuram. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputat Elnur Allahverdiyevin dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər…

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma yaxalandılar.

Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Bəlkə də istintaq bu cür davam edir, olsun. Əminəm ki, günahkarlar layiqli cəzanı alacaqlar”. 

Onu da bildirək ki, K.Bəkirovun qızı tanınmış iş xanımı, rəssam-modelyer Elnarə Bəkirovadır.

Qeyd edək ki aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. 

Sabunçu Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. 

Bildirilib ki,  ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanda tanınmış iş xanımının atası qətlə yetirildi - FOTO

Mənbə lent.az

Bənzər yazılar

0.4043231010437