“Azersky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Azərkosmos” və peykin istehsalçısı tərəfindən “Azersky” peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmayıb.
“ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, “Azersky” peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər”, - məlumatda qeyd olunur.
Bildirilib ki, “Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb:
“Orbitdə olduğu müddətdə “Azersky” peykindən yarım petabayt həcmində, 80 mindən çox peyk təsviri yüklənib. “Azersky” peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyədək 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub”.