Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı (keçmiş Həmid Sultanov) küçəsində, Uşaq Nevroloji Xəstəxanasının yanında bir sıra ağaclar kəsilib.
Bu barədə ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat veriblər.
Faktla bağlı sübut şəklində video və fotolar təqdim edən sakinlərin sözlərinə görə, həmin ünvanda ağacların kəsilməsinə tikinti şirkəti tərəfindən başlanılıb və məqsəd orada yeni yaşayış binaları tikməkdir. Onlar bildirib ki, ərazidə xeyli sayda ağac məhv edilib.
Sakinlər vurğulayıb ki, tikinti şirkətinin layihəsi tərəfindən yaxınlıqdakı daha bir ərazi plana düşüb və plana düşən bu ərazidə isə müxtəlif növ daha 66 ədəd ağac mövcuddur. Amma onlar həmin ağacların da kəsiləcəyindən narahatdır:
"Buradakı ağacların hamısını müxtəlif zamanlarda özümüz əkib-becərmişik. Təəssüflər olsun ki, ağacların kökünü zədələyərək çıxarırlar və qol-budaqlarını qırırlar. Bunların əksəriyyəti meyvə ağaclarıdır. Biz hamımız yayda onun kölgəsində dincəlirik".
Ərazidə tikinti işləri həyata keçirən "Etibar İnşaat - K" MMC-dən isə ağacların kəsilmədiyi bildirilib. Şirkətin direktoru Aydın İsmayılov "Report"a açıqlamasında deyib ki, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı (keçmiş Həmid Sultanov), Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsi ünvanında köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə layihə altına düşən ağacların köçürülməsinə başlanılıb.
O bildirib ki, bu ərazidən çıxarılan ağaclar Ramana qəsəbəsinə aparılır və orada əkilir:
"Layihə yaşıllıq üçün nəzərdə tutulmuş yeni ting ağacların əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülüb. Onlardan 22 ədədi - 1 ədəd şam (d=12 sm), 3 ədəd tut (d=12 sm,12 sm, 16 sm), 10 ədəd sərv (d=4-8sm), 1 ədəd alça, (d=12sm), 1 ədəd armud (d=8sm) ağacı, 4 ədəd nar, 1 ədəd üzüm kolu və 1 ədəd isə dekorativ kol bitkisi köçürülüb".
"Etibar İnşaat- K" MMC-nin nümayəndəsi Şahin Məmmədov Bakının Yasamal rayonunda çoxmərtəbəli binanın ərazisində olan yaşıllıq sahəsinin məhvi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyində çoxmərtəbəli binaların inşası üçün təqdim olunan layihələrə rəy verilməsi ilə bağlı keçirilən ictimai dinləmədə tikinti işləri aparılan ərazidə qəzalı vəziyyətdə olan evlərin olduğunu bildirib.
Onun sözlərinə görə, şirkətlərinin bu günə qədər gördüyü tikinti işləri ilə bağlı nə Tikinti Məcəlləsinin tələblərində, nə də digər qanunvericiliklə bağlı problem yaşanmayıb:
"Qeyd olunan ünvanda inşa edilən binanın tikintisi ilə bağlı ağacların köçürülməsi üçün müvafiq icazə sənədi alınıb və rəy də verilib. Agentliyin rəisi Mirsalam Qəmbərov da həmin ərazidə olub. Hər bir ağac təhlil olunub. Ağaclar 70-80 ilin bioloji inkişafdan qalan ağacı olub.
Hətta bütün ödənişlər edilib. Tikintiyə də başlanılıb. Həmin ərazidə olan 6 nəfər sakin, xüsusilə də biri qərəzli şəkildə şirkətə ciddi təzyiq göstərib ağlasığmaz iddialar irəli sürüb".