Aprelin 30-da Moldovanın tərkibində muxtar ərazi qurumu olan Qaqauz Yeri Muxtar Bölgəsində muxtariyyətin başqanı vəzifəsinə seçki keçiriləcək. Seçkiyə namizədliyi qeydə alınan səkkiz nümayəndə qatılacaq.
Bunlar Qaqauziya Xalq Məclisinin deputatları Qriqori Uzun (Sosialistlər Partiyası), Nikolay Dudoqlo və Sergey Çimpoeş, Qaqauziyanın keçmiş rəhbəri Mixail Formuzal, “Qaqauziya Xalq İttifaqı” ictimai-siyasi hərəkatının sədri Viktor Petrovdur (ən çox Rusiyayönümlü namizəd hesab olunur), Qaqauziyanın keçmiş rəhbəri Dmitri Kroytor, Qaqauziya Xalq Assambleyasının keçmiş deputatı Sergey Çernyov və Moldovanın milli-mühafizəkar “Şor” parlament partiyasının nümayəndəsi Yevgeniya Qutsuldur.
Eyni zamanda qeyd edək ki, Moldovanın hakim PAS partiyası (Hərəkat və Həmrəylik Partiyası) seçki yarışında heç bir üzvü ilə təmsil olunmur.
Baxmayaraq ki, ən Rusiyayönümlü namizəd Viktor Petrov hesab olunur, Rusiya Federasiyası Dövlət Dumasının LDPR fraksiyasından olan deputatı, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski etnik qaqauz türklərinin yaşadığı bölgənin başqanlıq seçkisində Yevgeniya Qutsulu dəstəkləyib.
Seçki ərəfəsində daha bir diqqətçəkən hadisə Moldova hakimiyyətinin Qaqauziyanın paytaxtı Komrat şəhərinə gedən Tatarıstan Prezidenti Rüstəm Minnixanovun ölkəyə girişinə qadağa qoymasıdır. Xatırladaq ki, Tatarıstan Prezidenti “Xalqlar Dostluğu-2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresində iştirak etmək üçün Moldovaya səfər etmək istəyib.
Amma Kişineuda hesab ediblər ki, Rüstəm Minnixanov başqanlardan birinin namizədliyini dəstəkləmək üçün Moldovaya səfər etməyə çalışıb.
Qaqauzlar Azərbaycan və Türkiyə üçün qardaş xalqdır. Bir neçə il əvvəl Azərbaycanın yardımı ilə Çadır-Lunqa şəhərində təhsil mərkəzi tikilib. Öz növbəsində Ankara da qaqauzlara kömək edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaqauziyaya səfər edib və Moldova daxilində inkişaf etməli olan Qaqauz muxtariyyətinə dəstəyini ifadə edib.
Qaqauziyadan olan moldovalı politoloq, Moldova Respublikası Sosialistlər Partiyasının üzvü, Komrat merinin keçmiş müavini Yevgeni Tukan Milletinsesi.info-a verdiyi müsahibədə Qaqauz Yeri Muxtar Bölgəsində baş verənlərdən, başqanlıq uğrunda mübarizə aparan namizədlərin seçkidəki şanslarından və mövzu ilə əlaqədar digər maraqlı məqamlardan söz açıb.
- Seçkidə bəzi namizədlər rusiyapərəst hesab olunurlar, görünür, kimlərsə Rumıniyaya və Avropa Birliyinə, kimlərsə də Türkiyəyə meyil edir. Seçki yarışının favoritləri kimlərdir?
- Mənim şəxsi qiymətləndirməmə görə, Qriqori Uzun seçkilərin ikinci turuna çıxmaq üçün favoritdir. O, yarışın ikinci lideri, Rusiyayönümlü hesab edilən “NAŞ” (Xalqın Antiböhran Qərargahı) ictimai birliyinin namizədi Viktor Petrovdan bir qədər irəlidədir. Prinsipcə, Qaqauziyada əhalinin əksəriyyəti həm Rusiya Federasiyasına, həm də Türkiyəyə yaxşı münasibət bəsləyir. Bu artıq belə formalaşıb. Qriqori Uzun həmişə Rusiya Federasiyası və Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarı olub. Ümumiyyətlə, Sosialistlər Partiyası qonşularla, o cümlədən Avropa İttifaqı ilə dostluğun tərəfdarıdır. Amma indiki iqtidarımız birtərəfli siyasət apararaq yalnız Avropa İttifaqı istiqamətində qərbyönlü xətt yürüdür.
- Siz dediniz ki, ən rusiyapərəst namizəd Viktor Petrov hesab olunur. Lakin Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Yevgeniya Qutsulu dəstəklədi...
- Təbii ki, mən Rusiya Dövlət Dumasının bütün deputatlarına hörmətlə yanaşıram, lakin heç kimə sirr deyil ki, Moskvada güc mərkəzləri çoxdur. Namizəd Qutsul qaçaq oliqarx İlan Şorun “Şor” partiyasını təmsil edir. Mətbuatdan məlumdur ki, hələ 2014-cü ildə Moldova büdcəsindən bir milyard dollar oğurlanıb. Bu cinayət birbaşa İlan Şorla bağlıdır. O, özünü Rusiyayönümlü siyasətçi kimi təqdim edir. Ola bilsin ki, o, rusiyalı deputatlarla, elə həmin Leonid Slutski ilə ünsiyyətdədir, amma onun Rusiya Prezidenti Vladimir Putin və ya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə təması, əlaqələri yoxdur.
Eyni zamanda, biz indiyədək ictimaiyyətə tanış olmayan Yevgeniya Qutsulu təbliğ etmək üçün necə böyük resurslardan istifadə olunduğunu görürük. Amma mən bu namizəddə o qədər də potensial görmürəm. O, siyasətdə “xarici alət” kimi görünür. Ancaq yatırılan vəsait hesabına o, təbii ki, ikinci tura çıxmaq üçün Viktor Petrovla rəqabət apara bilər. Bununla belə, dediyim kimi, Uzun və Petrov ikinci tura yüksəlmək üçün əsas favoritlərdir. Yevgeniya Qutsulun və Qaqauziyanın keçmiş rəhbəri Dmitri Kroytorun seçilmək ehtimalı azdır, lakin onları tamamilə siyahıdan silmək olmaz.
- Bəs niyə Moldovada hakim PAS partiyası (Hərəkat və Həmrəylik Partiyası) öz namizədini irəli sürmədi?
- Qaqauziyada PAS-ın namizədini irəli sürmək seçkini əvvəlcədən uduzmağa bərabər olan bir şeydir. Amma mən deyə bilmərəm ki, PAS-dan namizəd yoxdur, belə bir şəxs var, sadəcə, o, qeyri-rəsmidir. Sırf subyektiv fikrimə görə, bu şəxs Dmitri Kroytordur.
- O, Qaqauziyanın keçmiş rəhbəri olub...
- Doğrudur, o, 1999-2002-ci illərdə Qaqauziyaya rəhbərlik edib. Qaqauziya Xalq Məclisi ona təzyiq edəndən sonra isə istefa verib.
- Qaqauziya Moldova dilinin adının dəyişdirilməsi ilə bağlı son qərarı necə qarşıladı? İndi o, Rumıniya dili adlanır.
- Çox mənfi qarşıladılar. Qaqauzlar bundan qəzəblənirlər. 30 ildir ki, Moldova sistematik olaraq Moldova dilinin Rumıniya ilə əvəz edilməsi üçün mümkün olan hər şeyi edib. Rumın dili Rumıniya dövləti yarananda yaranıb. Daha əvvəl isə Moldova və Valaxiya knyazlıqları mövcud idi. Bizdə ölkənin passiv rumınlaşdırılması prosesi gedir. Moldovalılara davamlı olaraq sübut etməyə çalışırlar ki, Moldova dili yoxdur, bu, sadəcə, rumın dilinin ləhcəsidir. Hələ 2000-ci illərdə dərsliklərimizdə Moldova dili rumın dili ilə əvəzlənmişdi, halbuki son dövrlərə qədər Konstitusiyamızda məhz Moldova dili kimi qeyd olunmuşdu. Moldovalılar ölkənin Konstitusiyasını, dilin adını dəyişəndə susurlar. Amma düşünürəm ki, Moldovayönümlü qüvvələr hakimiyyətə gələndə hər şey dəyişəcək. Qaqauz dili Azərbaycan və türk dillərinə çox yaxındır, bu faktdır. Amma bizim hələ də öz dilimiz var - qaqauz və biz onun adının dəyişdirilməsini istəməzdik və buna imkan verməzdik. Biz dilimizi qoruyub-saxlamağa borcluyuq.
- Bu yaxınlarda Moldovada “Separatçılıq haqqında” Qanun qəbul olundu. Oxudum ki, bu, digər məsələlərlə yanaşı, Qaqauziya faktoru ilə də bağlı idi. Məgər Qaqauz Yeri Muxtar Bölgəsi Moldovadan ayrılmaq məsələsini qaldırır ki? Lakin Kişineuda qaqauzlar separatizmdə şübhəli bilinirlər. Mərkəz niyə Qaqauziyaya öz prokurorunu təyin etməyə mane olur? Bundan əlavə, Qaqauziyanın xüsusi statusu Moldova parlamentində muxtariyyət kvotası hüququnu ifadə edir, lakin praktikada bu belə deyil. Qaqauzlar, təbii ki, parlamentdə təmsil olunurlar, amma partiya siyahıları ilə, vəd edilən kvota ilə yox...
- Bunu cavablandırmaq üçün bir qədər yaxın keçmişə nəzər yetirmək lazımdır. Hazırda Moldovada hökmranlıq edən Avropayönümlü qüvvələr seçkiöncəsi Qərb dəyərlərindən, söz və seçki azadlığından, milli azlıqların hüquqlarından danışırdılar. İndi də “Separatçılıq haqqında” Qanun qəbul edilir. Bu, əslində, vintlərin bərkidilməsi prosesidir. Kütləvi informasiya vasitələrimiz bağlanır, eyni gündə altı kanalın lisenziyası alınıb və sair. Avropayönümlü kursla razılaşmayanları dərhal separatçılıqda ittiham edə bilərlər. Bu, xüsusilə Qaqauziyaya aiddir.
2014-cü ildə bizdə xarici vektorla bağlı referendum keçirildi - qaqauzlar hara getmək istəyirlər? 98 faiz o vaxt Gömrük İttifaqına qoşulmağın tərəfdarı idi. İkinci sual: Moldovanın Rumıniyaya birləşəcəyi halda Qaqauziya nə etməlidir? İnsanlar düşünürdülər ki, Moldova dövlət statusunu itirərsə, yəni Rumıniya ilə birləşərsə, Qaqauziya öz müqəddəratını təyinetmə hüququna malik olmalıdır. Lakin Kişineu səsvermənin nəticələrini tanımayıb. Eyni zamanda, Moldova Prezidenti Maya Sandu Rumıniya vətəndaşıdır. Bu, sadəcə olaraq, bir paradoksdur.
Qaqauziyanın xüsusi statusuna gəlincə, burada həmçinin parlamentdə təmsilçilik üçün kvota hüququ təsbit olunub. Söhbət ondan gedir ki, “Seçkilər haqqında” Qanunda belə bir müddəa yoxdur. Moldova Parlamenti Qaqauz qanunlarının bütün paketini hələ də səsə qoymayıb, baxmayaraq ki, bu qanunlar paketinin bir hissəsi 2020-ci ildə Sosialistlər Partiyası və “Şor” Partiyası (o zaman bu iki siyasi qüvvə müvəqqəti koalisiyada idi) sayəsində qəbul edilib. Onu da qeyd edək ki, Sosialistlər Partiyası həmişə öz siyahısının birinci yarısında parlamentə keçən qaqauzların nümayəndələrini qoyur.
- Türkiyə, türk faktoru Qaqauziyada seçicilərin əhvalına nə dərəcədə təsir göstərir?
- Əgər seçkidən danışırıqsa, namizədlər həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyindən danışırlar. Amma namizədlər Türkiyə təmsilçiləri ilə heç bir görüş keçirməyiblər.
- Bu yaxınlarda Komrata getmək istəyən Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Moldovaya buraxılmadı...
- Bu, çox acınacaqlı haldır. Qaqauzlar qəzəblidirlər, çünki Tatarıstan və Qaqauziya xalqları qardaşdır. Kişineunun belə absurd və “uzaqgörən” hərəkətindən çox utanıram. Əlbəttə, mən başa düşürəm ki, Rüstəm Minnixanov başqanlığa namizəd olan Viktor Petrova dəstək olmaq üçün oraya uçub. Viktor Petrov bizim siyasi qüvvənin namizədi deyil, amma yenə də baş verənlər mənfi haldır.
- Anladığım qədər, istər Rusiya, istərsə də Türkiyə ilə əməkdaşlıq qurmaq istəyən ən mərkəzçi namizəd Qriqori Uzundur?
- Prinsipcə, Viktor Petrov da başqan olacağı təqdirdə Türkiyə ilə işləyəcək. Qaqauziya üçün ən təhlükəli variant Dmitri Kroytordur. Təbii ki, onun qələbə ehtimalı azdır, bu şəxs o qədər də populyar deyil, amma bu baş verərsə, o zaman Türkiyədən və Rusiyadan çevrilib Avropa Birliyinə doğru istiqamət götürüləcək.
- Bəs Azərbaycan və Türkiyə nümayəndələri Qaqauz Yeri başqanlığına seçkidə hansısa namizədi dəstəkləsələr, bu ona qələbə qazanmaqda kömək edəcəkmi?
- Əlbəttə, kömək edəcək! Qaqauzlar türk dünyasına və Rusiyaya arxalanırlar, Avropa İttifaqına və Qərbə yox. Biz Azərbaycan, Türkiyə və yeri gəlmişkən, həmçinin Türkmənistanın illərdir bizə necə kömək göstərdiyini hiss edirik. Ona görə də türk dünyası başqanlardan hansısa namizədi dəstəkləsə, bu, ona əlavə səslər qazandıracaq.
- Türk soyadını daşıyan Uzundan başqa kimi dəstəkləmək olar ki?
- (gülür) Düzdür. Qriqori Uzun ikinci tura yüksəlməyə favorit olan əsas namizəddir.
Nair Əliyev