Son illər Azərbaycanda ekoloji tarazlığın, “yaşıl infrastrukturun” qurulması istiqamətində bir sıra addımlar atılmaqdadır. Qarabağın “yaşıl enerji” zonası elan edilməsi, elektrik enejrisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması da bu addımların bariz nümunəsidir. Bir neçə il əvvəl imzalanmış Paris razılaşmasına görə də, Azərbaycan 2050-ci ilə qədər havaya atılan karbon qazının miqdarını 50%-dək azaltmağı öhdəlik kimi götürüb.
Ötən ayın 29-da Nazirlər Kabinetinin istehsal ili 10 ildən çox olan avtonəqliyyat vasitələrinin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı sərəncamı da bu istiqamətdə atılan addımlardır. Rəsmi məlumatlara görə, hazırda istehsal ili 10 ildən çox olan nəqliyyat vasitələri Azərbaycanın ümumi avtomobil bazarının 80%-dən çoxunu təşkil edir.
Avtomobil parkının köhnəliyi ölkəyə gətirilən ehtiyat hissələrinin də həcminə təsir edir. Dövlət Gömrük Komitəsinin də rəsmi açıqlamasında göstərilir ki, 2023-cü ilin birinci rübündə ölkəyə idxal edilən ehtiyat hissələrinə çəkilən xərc 50%-dən çox artıb.
Avtomobil üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, ölkəmizə idxal olunan nəqliyyat vasitələri ehtiyat hissələrinin həcminin və ona çəkilən xərcin artmasının səbəbi Azərbaycanın avtomobil bazarının genişlənməsidir.
Ekspert idxal edilən hissələrin böyük qisminin mütəmadi dəyişməyə ehtiyac olan qulluq vasitələridir:
“Son illər ölkəmizdə dünyanın müxtəlif aparıcı avtomobil istehsalçılarının yeni modelləri gətirilir. Hətta Çindən yeni markaların da ölkəmizə gətirilməsinin şahidi oluruq. Təbii ki, yeni marka və modellərin gətirilməsi ehtiyat hissələrinin də artmasına səbəb olur.
Eyni zamanda, qeyd etmək yerinə düşər ki, təəssüf ki, Azərbaycanın avtomobil parkında köhnə avtomobillər üstünlük təşkil edirlər. Nəticədə ehtiyat hissələrinə də tələb artır. Əgər artan ehtiyat hissələrinin seqmentlərinə fikir versək görərik ki, burada əsasən təkər şinləri, filtrlər, alışdırıcı şamlar, texniki qulluq zamanı mütəmadi dəyişən ehtiyat hissələri üstünlük təşkil edir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, dünya bazarında ehtiyat hissələrinin qiymətində yüksəlmə baş verir. Bu isə Azərbaycanın idxalında özünü göstərir. Xüsusən də idxal xərclərinin faiz nisbətində bunu daha çox görmək olar. Hesab edirəm ki, bu ilin sonuna qədər həmin göstərici 20% təşkil edə bilər”.
Avtomobillərin ehtiyat hissələri üzrə ekspert Vüsal Şirməmmədov isə hesab edir ki, Azərbaycan avtomobil bazarında ili köhnə nəqliyyat vasitələrinin çoxluq təşkil etməsi ehtiyat hissələrinə tələbatın artmasına səbəb olur:
“Hazırda ölkə ərazisində ili 2013-cü ildən aşağı olan və ehtiyat hissələrinə zərurət duyan avtomobillərin sayı kifayət qədərdir. Bir müddət öncə biz ölkənin avtomobil ehtiyat hissələri bazarı ilə bağlı araşdırma aparmışdıq. Təxmini hesablamalara görə, ehtiyat hissələrinin təxminən 40%-ə qədəri 2013-cü ilin altındadır. Onların da böyük əksəriyyəti 2005-ci ildən köhnə ehtiyat hissələridir.
Nazirlər Kabinetinin istehsal ili 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı qərarının həm avtomobil sektoruna, həm də ehtiyat hissələri bazarına təsiri böyük olacaq. Amma mən düşünürəm ki, bu təsiri biz ən yaxşı halda 2-3 il sonra hiss edəcəyik”.
Bunun səbəbinə gəlincə isə, ekspert qeyd edib ki, son illərdə Azərbaycan bazarına Koreya və Çindən gələn avtomobillər daha geniş ayaq açmaqdadır:
“Əgər 4-5 il qabaq ölkədə “Mercedes-Benz” markalı avtomobillər əsas mövqe tuturdu, son illər KIA və “Hyundai” markalarının hökmranlıq eləməyə başlayıb. Həmçinin Yaponiyanın “Toyota Prius” markası bazarımızda geniş yayılıb. Statistikaya da baxsaq görərik ki, bu tipli avtomobillərin idxalının artması yeni avtomobillərin sayının çoxalması kimi görünür. Belə görünə bilər ki, yeni avtomobillərin bazara daxil olması hesabına ehtiyat hissələrinin yenilənməsinə ehtiyac qalmayacaq və onların idxalı sürətlə azalacaq. Əslində isə KIA, “Hyundai” və bu tipli avtomobillərin qiymətləri kifayət qədər ucuzdur və onların keyfiyyət göstəriciləri də aşağıdır”.
Ekspert hesab edir ki, ölkədə utilizasiya prosesinin başlaması Azərbaycandakı avtomobil bazarının tez bir zamanda yenilənməsinə səbəb olacaq:
“Nazirlər Kabinetinin qərarının tez bir zamanda təsir etməsi üçün ölkə daxilində paralel olaraq utilizasiya prosesi getməlidir. Hesab edirəm ki, 1990-2000-ci illər arasında olan avtomobillər tamamilə istismardan çıxarılmalıdır. Məhz bazardakı ehtiyat hissələrin 25-30%-i bu avtomobillərin payına düşür.
Əgər dövlət utilizasiya və bu kimi təsir vasitələrini işə salsa, biz Nazirlər Kabinetinin məlum sərəncamının təsirini tez bir zamanda hiss edə biləcəyik”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 609 milyon 091,14 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,5% çoxdur.
“Report” İnformasiya Agentliyi