Qatarlarda anidən halı pisləşən sərnişinlərə ilkin yardımı kim göstərməlidir?

 19-04-2023

Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən bir neçə qurum var. Onlar arasında ən spesifik olanları “Bakı Metropoliteni” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-dir. Nəzərə alsaq ki, strateji obyekt kimi qiymətləndirilir, burada bir çox məqamlara xüsusi diqqətlə yanaşılmalıdır.

Demək olar ki, hər həftə bir neçə nəfərin metroda halı pisləşir. Çox zaman təcili tibbi yardım briqadası çağırılır. Bu yaxınlarda olan təcili yardım briqadasının hadisə yerinə gecikməsi, bundan öncə bir sərnişinin halının pisləşməsi və sonra ürəktutmasından vəfat etməsi belə bir sual doğurur: qurumun özündə ixtisaslı həkim və ya tibb bacısı niyə yoxdur?

Nəzərə alınmalıdır ki, paytaxt sakinlərinin daşınmasında ən çox sərnişin yükü götürən ictimai nəqliyyat sektorundan biri “Bakı Metropoliteni”dir. Yerüstü nəqliyyat növündən fərqli olaraq, yeraltı nəqliyyatda sərnişinlər nisbətən havasız mühitdə ünvan başına çatmağa çalışırlar. Aydın məsələdir ki, belə olan halda nəinki yaşlıların, eləcə də gənclərin səhhətində problem yarana, müəyyən xəstəlikləri olanların isə vəziyyəti pisləşə bilər.

Bəs qatarda halı pisləşən sərnişinə dərhal müdaxilə üçün “Bakı Metropoliteni” tərəfindən hansı tədbirlər görülür? Ekstremal vəziyyətdə təcili tibbi yardım gələnə qədər metropolitenin hansısa stansiyasında tibb bacısı və ya ixtisaslı təcili tibbi yardım həkimi varmı?

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum fəaliyyət spesifikasına görə, əsasən, sərnişindaşıma fəaliyyəti ilə məşğul olur:

“Bu mənada tibbi fəaliyyətin göstərilməsi metropolitenin səlahiyyət həddinə aid olan məsələ deyil. Lakin “Bakı Metropoliteni” tibbi məsələlərlə bağlı, təbii ki, aidiyyəti qurumlarla sıx və əlaqəli fəaliyyətini qurub. İlk növbədə onu xüsusi qeyd edim ki, metropolitenin hər hansı bir stansiyasında sərnişin müraciəti və yaxud da hər hansı digər məsələ ilə bağlı müraciət daxil olarsa, ən operativ şəkildə təcili tibbi yardım xidməti ilə əlaqə saxlanılır. Bununla yanaşı, ən yaxın ərazidəki tibbi briqadalar yardım tələb olunan stansiyalara göndərilir.

Bu səbəbdən bu günə qədər əməkdaşlıqla bağlı, eyni zamanda tibbi briqadaların stansiyalara vaxtında çatması ilə bağlı hər hansı bir ciddi problem yaşanmayıb. Bundan başqa, “Bakı Metropoliteni”ndə maşinistlərin hər gün reysqabağı tibbi müayinəsi təşkil olunur. Bu işlər də, təbii ki, aidiyyəti üzrə qurumların xətti ilə və onlarla ən operativ, əlaqəli şəkildə fəaliyyət əsasında qurulur”.

Sərnişindaşıma ilə bağlı ikinci böyük yük “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin üzərinə düşdüyü üçün onların da məsələyə münasibətini öyrəndik.

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ADY-yə məxsus sərnişin qatarı hərəkətdə olarkən sərnişinin müxtəlif səbəblərdən halı pisləşərsə, bu halda ilk yardım qatar bələdçiləri tərəfindən göstərilir:

“Sərnişin qatarlarında xidmət edən bələdçilər hər hansı bədbəxt hadisə və fəlakət zamanı ilk yardım göstərilməsi üçün zəruri bilik və bacarıqlara yiyələnmiş şəxslərdir. Bələdçilərin tibbi hazırlığı xüsusi proqram üzrə həkim-sanitar xidmətinin mütəxəssisləri tərəfindən ildə bir dəfə olmaqla aparılır. Hər hansı zədə (əzilmə, sınıq və s.) almış və ya qəfildən halı pisləşmiş sərnişinlərə vaxtında müdaxilə etmək üçün ADY-yə məxsus sərnişin qatarlarının bütün vaqonları ISO-9001 və ISO-13485 sertifikatlarına sahib istehsalçı şirkətə məxsus ilk tibbi yardım çantaları ilə təchiz olunub.

Bu çantalarda ilk tibbi yardım üçün zəruri bütün ləvazimatlar yerləşdirilib. Sərnişinin ixtisaslı həkim yardımına ehtiyacı olduğu təqdirdə qatar rəisi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlayaraq növbəti dayanacaqda sərnişini peşəkar tibb briqadasına təhvil verir. Eyni zamanda, Bakı Dəmiryol Vağzalında həkim tibb məntəqəsi, 10 stansiyada tibb məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr ilk tibbi yardım üçün bütün zəruri avadanlıqlarla təchiz edilib”.

Bənzər yazılar

0.14016485214233