“Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib”.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
“Qanunvericiliyə əsasən, hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir”.
Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə insanların şikayəti və hüquq anlayışı əsasdır:
“Yəni insanlar bir-birindən narazı olduğundan müxtəlif iddialar ola bilər. Misal olaraq, həyatda bəzi hallar baş verir, lakin müəyyən edilməsi mümkün olmur. Belə hallar da olur. İkinci məsələ isə direktorların seçimini bacardığımız qədər şəffaf şəkildə icra edirik. Şəffaf yolla seçilən məktəb rəhbərinin mütləq şəkildə nöqsanı olmayacaq anlayışı da ola bilməz.
Yaxud da nəyisə qəsdən etməyəcək deyə bir şey də yoxdur. Edəcəksə təbii ki, işdən azad olunacaq. Direktorun işdən azad edilməsi üçün də zəruri şərtlər var. Kimsə şikayət edəndə dərhal direktoru da işdən çıxara bilmərik. Çünki həmin şəxsin də əmək hüquqları var. Əmək qanunvericiliyi çərçivəsində işdən azad olunması mümkündür. Əks halda, direktor öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib işə bərpa oluna bilər. Yəni prosedur düzgün olmasa, həmin şəxslər geri qayıda bilirlər. Bu mənada qaydalara əməl etmək vacibdir.
Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir”.
Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur:
“Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.
Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq”.
E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var: “Eyni olmasa da, uyğunlaşdırılmış model tətbiqi ölkəmizdə də həyata keçiriləcək”.