Yüksək elektrik gərginliyi səbəbindən paytaxt sakinlərinə ciddi maddi ziyan dəyib

 17-04-2023

İki gün öncə mənzilə verilən yüksək elektrik gərginliyi səbəbindən paytaxt sakinlərinə ciddi maddi ziyan dəyib.

Bu barədə şikayət sosial şəbəkələrdə paylaşılıb. Qeyd edilir ki, hadisə Bayıl ərazisində baş verib. Yüksək gərginlik səbəbindən baş verən ani partlayış ərazidə yaşayan sakinlərdən bəzilərinin evlərində elektrik avadanlıqlarını sıradan çıxarıb.

Hadisə nəticəsində zərərçəkən sakinlərdən biri Günel Azadə Milletinsesi.info-a açıqlamasında qeyd edib ki, Səbail rayonu Bibiheybət yolu, ikinci döngədəki evlərdə sakinlərin məişət əşyaları yanıb:

“Evdə oturmuşduq. Bir anda televizor söndü. Evin işıqları bir-bir partladı. Kombi sistemi sıradan çıxdı. Qonşulardan da bir neçəsi dedi ki, onlara da müəyyən qədər maddi ziyan dəyib. Problem yaranan kimi “Azərişıq” ASC-nin çağrı xidmətinə zəng etdik. Onlar çox rahat şəkildə bildirdilər ki, partlayışa səbəb yüksək gərginliyin verilməsi olub. Sadəcə, üzrxahlıq etdilər və problemin aradan qaldırılacağını dedilər. Məsələ isə budur ki, sakinlərə dəyən maddi ziyanı kim ödəyəcək, yanan elektrik avadanlıqlarını kim bərpa edəcək? Bu kimi hallarda məsuliyyət kimin üzərinə düşür?

“Azərişıq” ASC-dən əməkdaşlar ötən gün elektrik naqilləri ilə bağlı yaranan problemi həll etdilər. Amma evdə kombi, televizor işləmir. Görünən odur ki, “Azərişıq” ASC məsələdə özünü günahkar hesab etmir”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşla əlaqə saxlanılıb və şikayəti araşdırılır.

Onun sözlərinə görə, qurumun qəza xidmətinin əməkdaşları vətəndaşın probleminə yerində baxış keçirəcəklər və məsələnin həlli ilə bağlı zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, hazırda kombi sistemlərinin qiyməti 650 manatdan başlayır.

Bənzər yazılar

0.49835300445557