“İstehsal subyektləri nə qədər xırda olursa, hərəsi ayrı-ayrı məhsul istehsal edirsə, burada onların məhsuldarlığı aşağı olur. Nə qədər geniş ərazidə ancaq bir fermer becərirsə, məhsuldarlıq artır”.
Bunu Milletinsesi.info-a açıqlamasında iqtisadçı Emin Qəribli subsidiyalardan fermerlərin effektli istifadə edə bilməsi və onun məhsuldarlığa təsiri ilə bağlı danışarkən deyib.
Xatırladaq ki, Hesablama Palatasının məlumatına görə, 2020-ci il ilə müqayisədə 2021-ci ildə əkin subsidiyasının məbləği 25,2 milyon manat və ya 10,8% artaraq 258,6 milyon manata yüksəlib. Bildirilib ki, bu dövrdə dövlət dəstəyindən istifadə etmiş fermerlərin sayı 6,6 min vahid azalaraq 402 min 593 nəfərədək enib.
Qeyd edək ki, hesabat dövründə orta hesabla bir fermerə düşən subsidiya məbləği 12,6% artaraq 642,2 manatadək yüksəlib.
İqtisadçı qeyd edib ki, subsidiya torpağa deyil, məhsulun miqdarına görə təqdim olunmalıdır:
“Rəqəmlərə diqqət yetirsək, görərik ki, subsidiyaların məbləği artıb. Bu, müsbət haldır. İqtisadi elmdə miqyas effekti anlayışı var. İstehsal subyektləri nə qədər xırda olursa, hərəsi ayrı-ayrı məhsul istehsal edirsə, burada onların məhsuldarlığı aşağı olur. Çox geniş bir ərazidə yalnız bir fermer becərirsə, məhsuldarlıq artır. Sənaye və digər sahələrlə müqayisə etsək, qeyd etmək lazımdır ki, kənd təsərrüfatında artım elə də yüksək deyil. Hesab edirəm ki, digər alətlərin istifadə olunmasına ehtiyac var. Məsələn, torpağa deyil, məhsulun miqdarına subsidiya təqdim olunsun. Məhsulların ixracına dair stimullaşdırıcı mexanizmlər artırılmalıdır”.
E.Qəribli əlavə edib ki, kənd təsərrüfatı məhsullarının qiyməti azalmağa doğru gedir:
“Dünya iqtisadiyyatında vəziyyət dəyişib. Kənd təsərrüfatı məhsullarının qiyməti əvvəl artırdısa, indi azalmaya doğru gedir. Bu isə kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Qabaqlayıcı addımların atılmasına, mütəmadi olaraq stimullaşdırıcı alətlərin təkmilləşdirilməsinə ehtiyac var. Müəyyən artım varsa, qənaətlənməməliyik. İnkişafa dair alətlər tətbiq etməliyik. Kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə xüsusi subsidiyaların ayrılması dünya təcrübəsində istifadə edilib. Bu sahəni inkişaf etdirmək olar”.
İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, subsidiyaların artırılması, təkmilləşdirilməsi regionlarda xüsusilə fermerlərin, kənd təsərrüfatının inkişafına təkan verir:
“2019-cu ildə subsidiyalaşma ilə bağlı təlimat təsdiqlənmişdi. Bu illər ərzində 440 min hektardan çox əkin sahəsi subsidiyalaşdırılmışdı. Bu, müsbət haldır. Orada əkin sahəsinin baza dəyəri 200 manat məbləğində müəyyənləşdirilmişdi. Azərbaycanda bu sahədə yetərincə subsidiyalaşma var. Yeni innovasiya texnologiyalarından istifadə edilərək həyata keçirilir. Son illər ərzində 140 mindən artıq sahəni əhatə edib. Kənd təsərrüfatına kompleks yanaşma tətbiq edilməlidir”.
Ekspert qeyd edib ki, ölkədə fermerliyin, kənd təsərrüfatının inkişafına müəyyən mənada maneə törədən amillər aradan qaldırılmalıdır:
“Ciddi təhlillər aparılmalıdır. Biz daxili tələbatımızı ödəyə bilmirik. Xüsusən də daxili buğda tələbatımızı. Yağ məhsullarını xaricdən idxal edirik. Problemlərimiz haradadır - onu araşdırmalıyıq. Ciddi islahat aparmalıyıq.
Yetərincə subsidiya, maliyyə vəsaiti ayrılır. Kompleks yanaşmanı təmin etmək lazımdır ki, effektiv olsun. Ölçü meyarları da tətbiq olunmalıdır. Ayrılmış hər subsidiyanın baza dəyərinə görə fond verimlilik təhlili aparmalıdır. Ölçünü bilmirsənsə, idarə edə bilməzsən. Yatırdığımız hər bir manata görə nə qədər vəsait əldə etdiyimizi bilməliyik”.
Nəzrin Vahid