“İranın Azərbaycan daxilində din pərdəsi adı altında gizlənərək təşviqata yön verməsi, təxribatlara cəhd etməsi qəbuledilməzdir və qətiyyətlə pislənilir”.
Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır:
“Bütün hallarda İranın Ermənistanı müdafiə etməsi, ona dəstək verməsi, xüsusilə 44 günlük vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin orada gedən proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi yolverilən deyil. Ermənilərin indiki Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus olan tarixi və mədəni irsi silməkdə, saxtalaşdırmaqda məqsədləri bu ərazilərin azərbaycanlılarla bağlılığını yox etmək və dünya ictimaiyyətinə saxta məlumatlar təqdim etməkdir”.
O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilib:
“Mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb. Bundan başqa, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb.
Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub”.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə erməni-qriqoryan kilsəsinin rəhbərləri tərəfindən bu torpaqlarda qalmaq məqsədilə çoxlu sərmayə ilə yaradılan hərbi istehkamlarla yanaşı, “ideoloji istehkamlar” da darmadağın edilib:
Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sahib olduğu mədəni və dini irsə, o cümlədən Qafqaz Albaniyasına və ümumilikdə xristian dininə məxsus tarixi-dini abidələrə qarşı beynəlxalq normalara uyğun münasibəti bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi. Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi”.
O bildirib ki, Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün əsgərlərimizin üstündə təkrarlayır:
“Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Bu, qətiyyətlə pislənməlidir. Bu cinayəti törədənlər cavab verməli olacaqlar”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.