Son 3 ayda Azərbaycanda işsizlərin sayı 900 nəfər artıb

 15-04-2025

Bu ilin aprel ayının 1-ə olan məlumata görə, Azərbaycanda 283,2 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 3 ay ərzində ölkədə işsizlərin sayı təxminən 900 nəfər artıb.

Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 316 min nəfər olub, onların 5 milyon 32,8 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub.

Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Onu da qeyd edək ki, 2025-cü ilin aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 231,2 min nəfər olub və onların 47,9%-ini qadınlar təşkil edib.

Bənzər yazılar

0.079081058502197