Çərşənbə günündən etibarən Slovakiyanın Kiyevdəki səfirliyi martın əvvəlində Ukraynada müharibə vəziyyətinə görə dayandırılmış işini bərpa edib. Bu barədə xarici işlər naziri İvan Korçok hökumətin iclasında fasilə zamanı bildirib.
“Bu gündən biz martın əvvəlində müharibə əməliyyatları ilə əlaqədar Ujqoroda təxliyə edilmiş Slovakiyanın Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edirik. Səfirlikdə hələki 4 əməkdaş çalışacaq. Diplomatik missiyanın qorunması üçün mütəxəssislərdən ibarət qrup və Xüsusi Təyinatlı Qüvvələrin polis əməkdaşları dünən təyinatla Kiyevə gəliblər”, – deyə Korçok qeyd edib.
Nazirin sözlərinə görə, Ukraynada vəziyyət gərgin olaraq qalır, lakin Slovakiya hakimiyyəti respublika diplomatlarının Kiyevdə olmasını siyasi baxımdan vacib hesab edib. Eyni zamanda Korçok vəziyyətin tədricən sakitləşəcəyinə və diplomatların ailə üzvlərinin də Kiyevə gələ biləcəklərinə əmin olduğunu bildirib.
Mənbə: RİA Novosti