“Bu gün imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik”.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq. Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq”, - deyə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bildirib.
Azərbaycanın çətin vaxtlarda daim Bosniya və Herseqovinanın yanında olduğunu vurğulayan Jelka Tsviyanoviç bildirib:
“Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə və ölkənizə 2014-cü ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi və Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olub”.