“Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
Həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın çoxkonfessiyalı ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib:
“Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır”.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələsindən də söz açıb.
“Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.
Energetika sahəsində çox geniş imkanlar var. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir".
Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpa olunan digər enerji növləri üzrə birgə araşdırmaların aparılacağını da vurğulayan dövlətimizin başçısı bildirib:
“Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir.
Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.
Bu gün bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir. Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq.
"Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək. Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Əlaqələrimizin tarixinin də çox gözəl olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.
İki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləyib. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir”, - deyə dövlətimizin başçısı bildirib.