İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2021-ci ildə ləğv edilmiş müəssisəyə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb.
APA xəbər verir ki, bu barədə Hesablama Palatasının təhlilində bildirilib.
Qeyd edilib ki, 05.10.2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilib və 14.12.2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Buna baxmayaraq, ƏMDX 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb və vəsait 100% həcmində istifadə edilib.
Hesablama Palatası vurğulayıb ki, qeyd edilən vəsaitin ayrılması “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tamamilə uyğun olmayıb.