Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ərzində üçüncü missiyadır. Missiya çərçivəsində 30 milyon dollar həcmində Qazaxıstan məhsullarının tədarükünə dair sazişlərin imzalanacağını gözləyirik.
Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Trend-ə müsahibəsində deyib.
“Qazaxıstanın təqribən 20 ixraca dəstək vasitəsi var. Biz biznesi xaricə mütəşəkkil qaydada çıxarırıq, onunla müvafiq işləri aparırıq, tərəfdaşlar tapırıq, daha sonra ticarət missiyaları keçirilir. Bu il biz təqribən 12 belə missiya təşkil edəcəyik. Missiyaların sayı az olduqda belə, biz getdiyimiz ölkələrə olduqca spesifik baxırıq. Ölkəyə gəlmişiksə, deməli bu ölkə Qazaxıstan üçün ixrac baxımından yüksək maraq kəsb edir. Beləliklə, Azərbaycan Qazaxıstan üçün ixrac baxımından yüksək maraq kəsb edən ölkələrdən biridir”, - deyə nazir müavini qeyd edib.
O, əvvəlki missiyaların 38 milyon və 35 milyon dollar dəyərində sazişlərin imzalanması ilə başa çatdığını əlavə edib.
Torebayev, həmçinin Azərbaycan tərəfin Qazaxıstana səfərinin təşkilində Qazaxıstanın köməklik göstərməyə hazır olduğunu qeyd edib.
“Azərbaycan məhsullarının idxalına maraq yetərincə böyükdür və hesab edirəm ki, qarşılıqlı səfərlər təşkil olunmalıdır”, - deyə nazir müavini sonda bildirib.