Prezident İlham Əliyev "Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
MillətinSəsi.info xəbər verir ki, sərəncamla Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər çərçivəsində şəhərdə inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib. Bildirilib ki, Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq.
Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.
Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.