Milli Məclisin deputatı Etibar Əliyev özünün "facebook" səhifəsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbaba Aburalıbovun villalarının fotolarını paylaşıb.
Millət vəkili Etibar Əliyevin qeydlərini təqdim edir: "Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüb kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri "Şərq" yaşayış massivində yerləşir. Görün, nə qədər ərazini zəbt edib. Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var.
Körpə balaları qarlı-yağışlı günlərdə başqa ərazilərdəki baxçalara və internatlara aparırlar. Əgər Hacıbala müəllimin vicdanı olsa, qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına verər və bu, Allaha da xoş gedər. Əks təqdirdə, hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər".
Deputat qeyd edib ki, hələlik Abutalıbovun yalnız 2 villasının fotoları təqdim olunub.