Prezident İlham Əliyev: “Gürcüstan baş nazirinin bugünkü səfəri əlaqələrimizə yeni təkan verəcək”

 07-04-2023

“Gürcüstan-Azərbaycan əlaqələri bir çox sahələri - müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı sahələrini əhatə edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib.

“Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay əvvəl biz Gürcüstanda sizin qonağınız idik. Bu gün siz Azərbaycandasınız.

Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu bizim dostluğumuzu daha da gücləndirir”, - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Gürcüstan uzun illərdir bir-birilə sıx əlaqədədir.

“Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsəd güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir”, - deyə əlavə edib. 

Bu rolun getdikcə artdığını vurğulayan dövlətimizin başçısı deyib: 

“Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəql olunmasını təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq.

İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illər Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Mənə dünən verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonentə təbii qazı təmin edir. Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlamışdır. ”, - deyə Azərbaycan Prezidenti bildirib.

Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: 

“Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. Eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etdiyini və hələ səfərlər edəcəyini vurğulayan Prezident İlham Əliyev bildirib: 

“Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və olunacaq”.

Bənzər yazılar

0.14514493942261