Bakıda məktəblilər arasında zəhərlənmə olub.
Milletinsesi.info-ın əldə etdiyi məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.
İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.
Bakı Şəhər Təhsil İdarəsindən Milletinsesi.info-a bildirilib ki, məsələ dəqiqləşdirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb:
"Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 20 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Bakıdakı 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib.
O söyləyib ki, şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər: “Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.
Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”.
20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb ediliblər.
TƏBİB-dən bildirilib ki, zəhərlənənlərdən 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:
“Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə şahidi olan şagird Baku TV-yə sinif yoldaşının zəhərlənməsindən danışıb:
“Nuggets” yemişdi. Ürəyi bulanmağa başladı. Əvvəlcə məktəbdəki həkimə, sonra isə xəstəxanaya aparıldı”.
Məktəbin müəllimi Rüxsarə Abbasovanın sözlərinə görə, dərs dediyi sinfin bəzi şagirdləri də sözügedən qidadan yesə də, onlarda zəhərlənmə əlamətləri müşahidə olunmayıb.
20 nömrəli məktəbdə zəhərlənən şagirdlərin son vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 saylı Klinik Uşaq Xəstəxanasının həkimi Mətanət Mirzəyevanın sözlərinə görə, zəhərlənənlərdən beşinə təcili tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar (üç nəfər daha əvvəl evə buraxılmışdı - red.). Bir nəfər isə vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.
O da qeyd edilib ki, uşaqlardan ikisi 8-ci, dördü isə 4-cü sinif sagirdidir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.