Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.
APA.az xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesə sədrlik edən hakim Əli Məmmədov “şöbə müdiri ittiham olunursa universitet rəhbəri məhkəmədə dindirilməlidir” - deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.