Mingəçevir sakini Rzayeva Kamilə Bəkir qızı oğlu, 44 günlük Vətən müharibəsinin şəhidi Rzayev Əli Nəsib oğlu şəhid olandan sonra evsiz-eşiksiz qalıb.
Şəhidin həyat yoldaşına Göygöl rayonundan iki otaqlı mənzil verilib.
Kamilə ana isə iki ildir bacısı Zöhrə xanımın evində yaşıyır. Öz evi H.Əliyev prospektində, yataqxanada olub.
K.Rzayevanın sözlərinə görə, şəhidin həyat yoldaşı və anası ayrı-ayrılıqda ev qeydiyyatındadırlar. Mənzil növbəsinə də ayrı-ayrılıqda durublar. Şəhidin yoldaşı evlə təmin olunandan sonra anaya deyiblər ki, şəhidə düşən mənzil həyat yoldaşına verilib, ona mənzil düşmür. Bildirilib ki, o, yaşadığı yataqxanadan qeydiyyatdan çıxıb, Bakı şəhərində qeydiyyata düşməlidir. Kamilə ana da Abşeronda bir tanışının evinə qeydiyyata düşüb. İndi ana nə yenidən öz yaşadığı yataqxanaya qeydiyyata düşə bilir, nə də Bakı şəhərindən ona mənzil verirlər.
Şəhid anasının problemi ilə əlaqədar Mingəçevir Şəhər İcra hakimiyyətindən Yeniavaz.com-a açıqlama verilib:
“Mingəçevir şəhər Günəş küçəsi ev 62 ünvanında yaşayan şəhid anası Rzayeva Kamilə Bəkir qızının ona mənzil verilməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, onun oğlu, şəhid Rzayev Əli Nəsib oğlu 09.09.2020-ci il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə çağırılmış, 06.10.2020-ci il tarixdə şəhid olmuşdur.
Şəhər İcra Hakimiyyəti başçısının 07.04.2021-ci il tarixli 42 saylı Sərəncamı ilə Rzayeva Kamilə Bəkir qızı mənzil növbəsinə götürülmüş və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 27 dekabr 2022-ci il tarixdən Abşeron rayonunda qeydiyyatdadır və mənzil növbəliliyi oraya köçürülüb.
Əlavə olaraq bildiririk ki, K.Rzayevanın gəlini Rzayeva Gülü Sərdar qızına (2 nəfər) Samux rayonunun Seyidlər kəndində şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binadan 2 otaqlı mənzil verilib.
Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü götürülmüş, ətrafında abadlıq işləri görülmüş, ona 1000 manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü ilə əlaqədar isə şəhidin həyat yoldaşı G.Rzayevaya 200 (iki yüz) manat vəsait ayrılıb. Ötən ilin sonlarında 2 dəfə, cari ilin Novruz və Ramazan bayramları ilə əlaqədar şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilib.
Bəzi şirkətlərə isə şəhid ailəsi kimi ailənin adı verilib və müvafiq olaraq ərzaq köməkliyi edilib. 2021-ci ildə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar K.Rzayevaya şəhər İcra Hakimiyyəti tərəfindən 60 manat məbləğində maddi köməklik edilib. 2022-ci ilin Novruz, Zəfər bayramlarında və Həmrəylik Günündə şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması, Qurban bayramında isə qurban payı verilib”.