Martın 27-si Azərbaycanda Elm Günüdür.
Belə ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib.
Qeyd edək ki, Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə təsis olunub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.
Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. AMEA ilə Elm və Təhsil Nazirliyi elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başlayıb. AMEA-nın tərkibindəki elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bizim.Media akademik və alimlərin sayını təqdim edir:
Son statistik məlumatlara görə, ölkədə akademiklərin sayı 59 nəfərdir. 2000-ci ildə bu rəqəm 31 olub.
2000-ci ildə akademiklərdən yalnız biri qadın olduğu halda, 2021-ci ildə qadın akademiklərin sayı 7-yə çatıb.
2000-ci ildə müxbir üzvlərin sayı cəmi 48 nəfər olub ki, onlardan 3-ü qadın idi. Son statistikaya görə isə, bu say 89-a qalxıb ki, onlardan da 9-u qadındır. Ümumiyyətlə, ölkədə alimlik dərəcəsi olan tədqiqatçıların sayı 7069 nəfərdir, onlardan 1343-ü elmlər doktoru, 5726-sı fəlsəfə doktorudur.
Onlardan 3271-i dövlət sektorunda, 117-si özəl sektorda çalışır. Ali təhsil sektorunda çalışan alimlərin sayı isə 3681 nəfərdir ki, onlardan 541-i elmlər doktorudur.