Çilingər işləmiş İlkin Məmmədov: “İdarədə söyüldüyümün videosunu çəkib Ruslan Əliyevə göndərdim, dərhal sonra işdən çıxarıldım”

 27-03-2023

“Həmkarlar təşkilatının sədrinin otağında təhqir edildim, işçini müdafiə edən qurumun sədri gözünün qarşısında baş verənlərə müdaxilə etmədi, səsini belə çıxarmadı”.

Bunu Meydan TV-yə Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar rayonundakı Təbii qazın qəbulu və satış Xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işləmiş İlkin Məmmədov deyib.

İ.Məmmədov deyib ki, çalışdığı 10 il ərzində xəbərdarlıq almayıb. Bu ilin martın 15-də isə adi səbəbdən mübahisə yaranıb, o və ailəsi təhqir edilib. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin işi araşdırmadan onu günahkar hesab etdiyini bildirib:

“Atam xəstə olduğundan icazə üçün müraciət etdim. İdarənin həmkarlar ittifaqının sədri, eyni zamanda, kadrlar şöbəsinin rəisi Aygün xanımla danışarkən otaqda olan qadınlardan biri söhbətə müdaxilə etdi. Həmin qadına sakit tərzdə söhbətə müdaxilə etməməyi xahiş etdim”, - İ.Məmmədov deyib.

Şikayətçi söyləyib ki, çölə çıxıb geri qayıdanda qadının onu və ailəsini təhqir etdiyinin şahidi olub. Onu tanımadığı halda ailəsindəki qadınlar haqqında nalayiq ifadələr işlətdiyinə görə qadına cavab qaytarıb:

“Təhqirə yol vermədən etiraz elədim. Bundan sonra idarə rəisindən icazə alıb çıxdım. Evə gedərkən yarı yolda zəng vuraraq baş mühəndisin məni çağırdığını xəbər verdilər. Baş mühəndis Zaur müəllimin otağında bizdən başqa təhlükəsizlik xidmətinin rəisi və digər əməkdaş vardı. Otağa girən kimi Zaur Məmmədov qışqırmağa başladı. Münaqişəyə cəlb edildiyimi düşündüyümdən qarşılıq vermədim”.

İlkin Məmmədovun sözlərinə görə, çölə çıxıb, amma baş mühəndis daha irəli gedərək söyüşlərə başlayıb. Kollektivin və idarə rəisinin yanında onu söyüb.

“Yalnız onu dedim ki, xahiş edirəm mənimlə söyüşlə danışmayın. Nə baş verdiyini, niyə münaqişəyə cəlb olunduğumu anlamağa çalışırdım. Bir tərəfdən də hamının qarşısında təhqir edildiyimdən ürəyim partlayırdı. Video çəkiliş edərək sosial şəbəkə vasitəsi ilə “Azəriqaz” rəisi Ruslan Əliyevə müraciət etdim. Həmin müraciətdən dərhal sonra  Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarıldım”.

İlkin Məmmədovun işdən çıxarılmasına idarənin 25-dən çox əməkdaşı etiraz edərək tətil ediblər. Onlar Ruslan Əliyevdən işin araşdırılmasını istəyiblər: “Bu dəfə də dedilər ki, guya onları mən öyrətmişəm. Halbuki onlar rəhbərliyin heç bir araşdırma aparmadan mənim haqsız yerə işdən çıxarılmağıma etiraz ediblər. “Azəriqaz”ın rəhbərliyi və ya hansısa bir əməkdaşı mənimlə maraqlanmadığı halda mətbuat katibi Eldəniz Vəliyev çıxış edərək məni “dəstə başçısı” adlandırıb”.

İlkin Məmmədov deyir ki, işlədiyi dövrdə heç bir xəbərdarlıq almayıb, Ruslan Əliyev istəsə, bu məsələni araşdıra bilər.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev isə bildirib ki, “Facebook” sosial şəbəkəsində “Azəriqaz”ın çilingəri İlkin Məmmədovun hüquqlarının pozulması ilə bağlı məqsədyönlü şəkildə yalan məlumatlar yayılır. Sosial şəbəkədə “Azəriqaz”ı gözdən salmaq üçün kampaniyaya start verilib:

“Bir neçə ay əvvəl İlkin Məmmədov işində kobud qanun pozuntularına yol verdiyinə görə ciddi töhmət alıb. Bundan əvvəl o, dəfələrlə şifahi xəbərdarlıqlar alıb. İlkin Məmmədov rəhbərliyin qərarı ilə razılaşmayıb, “Azəriqaz”ın əməkdaşlarının da olduğu bir neçə nəfəri başına yığaraq sosial şəbəkələrdə rəis haqqında təhqiramiz fikirlər yazılan videolar yaymağa başlayıb”, – mətbuat xidmətinin rəhbəri deyib.

İlkin Məmmədov deyilənlərlə razılaşmır və haqqını hüquqi müstəvidə bərpa etməkdə qərarlıdır.

Bənzər yazılar

0.15501594543457