Azərbaycan Kubokunun qalibi: “Bəy verən atın dişinə baxmazlar”

 27-03-2023

“Gəncə” basketbol klubunun kapitanı Amil Həmzəyev karyerasına 2004-cü ildə doğma şəhərinin “Telekom” komandasında başlayıb. Bir il sonra yeniyetmələrdən ibarət Azərbaycan millisinə dəvət alan oyunçu gənclər arasında dördqat respublika çempionu olub.

2006-cı ildə əsas yığmaya cəlb edilən Həmzəyev həmin il Rimas Kurtinaytisin rəhbərliyi altında Albaniyanın Dusess şəhərindəki Avropa çempionatının C Divizionunda qızıl medal qazanıb. İki il sonra yenidən eyni uğura imza atan basketbolçu 2017-ci ildə Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarının qalibi, ötən il isə Türkiyənin Konya şəhərində keçirilmiş analoji yarışın gümüş mükafatçısıdır.

2019-cu ildə “Rıbnitsa” ilə Moldova Kubokunu qazanan Həmzəyev Azərbaycanın 3x3 basketbol yığması ilə də uğurlu nəticələrə imza atıb. Karyerası ərzində “Gala Baku”, “NTD-Araz”, “Azəri” və “Rıbitsa” ilə yanaşı, Ukraynada “Kremen” klubunun da formasını geyinib.

Ötən gün titul kolleksiyasına yenisini əlavə edən 33 yaşlı basketbolçu “Gəncə”nin heyətində Azərbaycan Kubokunun qalibi olub.

Amil Həmzəyev “Report”a müsahibəsində həm qazandıqları tarixi uğurdan, həm də şəxsi karyerasından söz açıb.

- Kubokun finalında NTD-ni 100:89 hesabı ilə məğlub edərək, titula sahib çıxdınız. Təəssüratınızı bilmək maraqlı olardı...

- Bilirsiniz ki, ölkə kuboku Azərbaycan basketbolu tarixində ilk dəfə keçirildi. 2019-cu ildə cəhd olunmuş, hətta ilk matçlar oynanılmış, amma turnir yekunlaşmamışdı. Bu mənada ilk kuboku biz qazanmaq istəyirdik. Şükürlər olsun ki, alındı.

- Kapitan kimi kuboku siz qaldırdınız. Gəncəli basketbolçu kimi həmin vaxt hansı hissləri keçirdiniz?

- Çox sevincli idim. Qürur hiss keçirdim.

- Oyun barədə nə deyə bilərsiniz? Matçın gedişində 20 xallıq fərq yaransa da, sonradan üstünlüyü əldən verdiniz. Bu nə ilə bağlı idi?

- Düzdür, arada fərq 20-yə qalxdı. Bir az arxayınlaşdıq. Rəqib də var gücü ilə mübarizəyə atıldı. Çünki oyun əldən gedirdi. Maraqlı qarşılaşma oldu, NTD sona qədər vuruşdu.

- Bu, “Gəncə”nin basketbolda qazandığı ilk ciddi uğurdur...

- Bəli, elədir. Səhv etmirəmsə, 2019-cu ildə çempionatı üçüncü pillədə bitirdik. 2012-13-cü illərdə gümüş və bürünc medallar qazanmışdıq. Kubok isə tarixdə ilkdir. Düşünürəm ki, bu titula sahib çıxmağımız lap yaxşı oldu.

- Ölkə kubokunda legioner limiti 2+3, çempionatda isə 3+2-dir. Nəzərə alsaq ki, komandalar daha çox legionerlərə üstünlük verirlər, bu amil qələbə qazanmağınızda həlledici olmadı? Bu mənada ki, “Gəncə”nin yerli oyunçuları rəqibdən daha üstün idilər və meydanda legioner sayının az olması NTD-ni zəiflətmişdi...

- Limitin bizə böyük təsiri oldu. Hələ ölkə kubokunun startından öncə çoxları bizi favorit görürdülər. Çünki oyunçularımızın çoxu milli komandaların üzvləridir. Bu mənada, limitin qalib gəlməyimizdə rolu oldu.

- Ölkə kubokunun mükafat fondu 20 min manatdır və dünən həmin məbləğin yazıldığı çek sizə təqdim olundu. Ümumiyyətlə, belə bir yarış üçün 20 min manat az deyil?

- Məncə, mükafat fondunu müzakirə etmək düzgün deyil. Bəy verən atın dişinə baxmazlar.

- Maraqlıdır, mükafat basketbolçular arasında necə bölünəcək?

- Məbləğ bütün heyət üzvləri arasında bərabər formada bölünür.

- “Gəncə” çempionatda da iddialıdır və liderlərdən cəmi bir xal geri qalır. Hədəf nədir?

- Kubokdakı qələbənin gətirdiyi özgüvəni düzgün istifadə edib, çempionatda da uğurlu çıxışı davam etdirmək istəyirik. Hədəfimiz pley-offa yüksək pillələrdən qatılmaqdır.

- Hazırda Azərbaycanda basketbola olan maraqdan, diqqət və qayğıdan razısınız?

- Federasiya rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət çox yaxşıdır. Əlbəttə, birinci il olduğu üçün bəzi çatışmazlıqlar qaçılmazdır. Amma qısa vaxtda görülən işləri götürsək, hər şey əladır.

- Vaxtilə legioner həyatı yaşamısınız. Özünüzü yenidən ölkə xaricində sınamaq fikriniz var, yoxsa artıq gecdir?

- Üç mövsüm Ukraynada, bir mövsüm isə Moldovada oynamışam. Ölkədə basketbolun səviyyəsi məni qane edir. Yaşım da az deyil ki, gedib xaricdə şans axtarım. Bacardığım qədər karyeramı davam etdirmək, daha sonra isə ölkə basketboluna xidmət göstərmək mənə daha cəlbedici gəlir.

Bənzər yazılar

0.45214200019836