Bakı Şəhəri üzrə Təhsil İdarəsi savadı olmayan İsmət Yusifovanı vəzifəsindən NİYƏ AZAD ETMİR?

 17-05-2022

Bir neçə gündür sosial şəbəkələrdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilli olmaması ilə bağlı xəbərlər reaksiyalara səbəb olur.

Həmin şəxs isə 01.09.2004-cü ildə bu vəzifəyə təyin olunub.

Məktəbin direktoru Almaz Həsrətova iddia edir ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım atmır.

ismetov

Məktəbin direktoru Almaz Həsrət isə deyib ki, direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmayıb: 

“İsmət xanım, hər səhər işə gəlir. Çox iddialı şəkildə deyir ki, məni heç kim işdən çıxara bilməz. Aqressiv xanımdır, təhsilli olmadığı buna görə tam bəllidir. Mən ona dedim ki, səni işdən çıxartdırmaq fikrim yoxdur, amma məktəbdə təhsilinə uyğun işlə təmin olunmalısan. Bu xanım 18 ildir məktəbdə işə qəbul edilib, bu illər ərzində təhsilini tamamlamağı belə lazım bilməyib. Üstəlik deyir ki, müdir kimi qalmışam, belə də davam edəcəyəm.
 
Mən direktor təyin edilənə qədər məktəbdə iki direktor dəyişib. Həmin direktorların dövründə bu xanım məktəbdə olub. 2004-cü ildə İsmət xanım təyin edilib. Hətta bu müddətdə fəaliyyəti ilə əlaqədar töhmət də alıb. Məndən öncəki direktor məsələdən agah olub, idarəyə məlumat verib. İndi olduğu kimi onda da araşdırma aparıldığı bildirilib, amma nəticəsiz qalıb. İsmət xanım valideyn komitəsinin aktiv üzvü olduğuna görə 2004-cü ildə məktəbdə işə götürülübmüş”.

Direktor bu işin sonunadək mübarizə aparacağını söyləyib: “Mən bu məsələnin sonuna qədər gedəcəyəm. Addım atılmasına çalışacağam. Düşünün, bu gün MİQ imtahanı keçirilir, gənc kadrlar tədris prosesinə cəlb edilir, biz onları təşviq etməyə çalışırıq, amma paytaxtın ən böyük məktəblərindən birində direktor müavininin orta təhsili belə yoxdur. Bu qadının vəzifədə qalması kadr siyasətinə kölgə salır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir:

“Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir. Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.

Bənzər yazılar

0.41700410842896