Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq.
İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.
Yeni rezident - “Qarabağ Steel” MMC Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur.
Ağdam Sənaye Parkının digər yeni rezidenti “Thermo Natural Azerbaijan” MMC Sənaye Parkının 1 hektar ərazisində alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu inşa edəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.