Xaricdən 43 qəpiyə alınan kartof niyə 3 dəfə BAHA SATILIR?

 16-05-2022

Son zamanlar ölkədə kartofun qiymətində artımlar müşahidə olunur. Hazırda pərakəndə satış məntəqələrində xaricdən idxal olunan kartofun 1 kiloqramının qiyməti 1 manat 30 qəpikdən baha satılır. Müqayisə üçün bildirək ki, ötən ilin may ayında idxal olunan kartofun qiyməti 70-80 qəpik arasında dəyişib.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, son bir ildə xaricdən idxal olunan kartofun qiymətində ciddi dəyişiklik yoxdur.

Bu ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən 15 milyon 855 min dollar dəyərində 61 min 89 ton kartof idxal olunub. İdxal olunan kartofun 1 kiloqramının gömrük dəyəri 25 sent (43 qəpik) olub.

Kartof əsasən Türkiyə (29,5 min ton), İran (20,7 min ton), Pakistan (5 min ton) və Gürcüstandan (3,8 min ton) gətirilib. Türkiyə, İran və Gürcüstandan gətirilən kartofun kiloqramı 43 qəpik, Pakistandan gətirilən kartofun kiloqramı isə 51 qəpik (30 sent) olub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan kartofun qiyməti dəyişməyib. 2021-ci ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən 14 milyon 501 min dollar dəyərində 60 min 266 ton kartof idxal olunub. İdxal olunan kartofun 1 kiloqramının gömrük dəyəri 24 sent (41 qəpik) olub. Rəqəmlərdən də göründüyü son bir ildə idxal olunan kartofun hər kiloqramının gömrük dəyəri cəmi 2 qəpik bahalanıb.

Ötən il kartof əsasən İran (57,4 min ton) və Türkiyə (2,1 min ton) gətirilib. İrandan gətirilən kartofun kiloqramı 41 qəpik, Türkiyədən gətirilən kartofun kiloqramı isə 43 qəpik olub.

Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda kartof istehsalı azalmayıb. 2020-ci illə müqayisədə kartof istehsalı 23,4 min ton artaraq 1 milyon 62 min tona çatıb.

Açıqlanan rəsmi rəqəmlərdən də göründüyü kimi, katof istehsalı və idxalı artıb, idxal qiymətlərində isə ciddi artım olmayıb. Bu isə o deməkdir ki, hazırda pərakəndə satış məntəqələrində müşahidə olunan qiymət artımı təbii səbəblərdən baş verməyib.

Onu da bildirək ki, Azərbaycanın bu ilin ilk 3 ayında xarici ölkələrə (əsasən Rusiyaya) 611,2 min dollar dəyərində 1 250 ton kartof ixrac edib. Rəqəmlərdən də göründüyü kimi bu ilin ilk 3 ayında ixrac olunan kartofun hər kiloqramının gömrük dəyəri cəmi 49 sent və ya 83 qəpik olub. Bu isə daxili bazarda satılan kartofun pərakəndə satış qiymətindən ucuzdur.

Bənzər yazılar

0.21398115158081