Saatlıda SU ETIRAZI: "Polislər 15 yaşlı uşağı 4 rezin güllə ilə vurdular" - Video

 15-03-2023

Xəbər verdiyimiz kimi, martın 13-də günorta saatlarında Saatlı rayon Orta Muğan və Nabatkənd kəndlərinin sakinləri suya görə etiraz ediblər, polislər aksiyanı dağıdıblar.

Bu barədə “Abzas Media”ya məlumat verən kənd sakinlərindən biri, etirazı Orta Muğan, Çolpı və Xanlar kəndlərinin sakinləri suya görə etdiyini və polislərin aksiyanı zorakılıqla dağıtdığını deyib.

Onun sözlərinə görə, kənd sakinləri su tələbi ilə yolu bağlayıblar, oradan olan körpünü keçmək istəyərkən, polislər müdaxilə edib və bu zaman qarşıdurma yaranıb:

“200-ə yaxın sakin etiraz edirdi. Polislər gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etdilər. Biri 15 yaşlı uşaq olmaqla iki nəfər ağır yaralandı. Uşağın sol döş nahiyəsinə 4 rezin güllə vurdular. İkisini də təcili yardım apardı. Müharibə veteranları, qazilər tutuldular. Təkcə bizim kənddən 2 nəfər tutulub- Əsgərov Elşən və Rəşad Cəfərov” – deyə kənd sakini bildirib.

Kənd sakini deyir ki, hazırda kanalda nə təsərrüfat üçün, nə də içməyə su yoxdur.

Onun sözlərinə görə, su almaq üçün Sabirabada gedirlər:

“Burada susuzluq elə bir həddədir ki, yaşam demək olar ki, məhdudlaşıb. Keçən il dövlət maşın göndərirdi, 15-20 manatdan su satırdılar, bu il o da gəlməyib. Mən 3 ildir ki, suyu pulnan alıram. Hər ay çəni 2 dəfə doldururam , bu da 30 manata başa gəlir”.



Qeyd edək ki, Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb.

"Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.

Polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələr tətbiq edilib. Polis odlu silahdan istifadə etməyib.

Bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər".

Kənd sakini isə bildirir ki, onlar polisə müqavimət göstərməyiblər: "Əliyalın camaat polisə nə müqavimət göstərəcək?!"

Bənzər yazılar

0.14716792106628