“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya (65.9%) çox olub.
2017 – 2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib. 2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.
Bundan başqa, “AzerGold” QSC tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə 39.2 milyon manat vergi ödənilib. Hesabat ilində Cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri isə 5.3 milyon manatdan çox olub.
Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə vergi ödənişlərində 32%, DSMF ödənişlərində isə 60% artım deməkdir.
Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi ödənişləri 103.7 milyon manat, DSMF ödənişləri isə 14.7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2021-ci il vergi ödənişləri 29.7 milyona manat, DSMF ödənişləri isə 3.3 milyon manat təşkil edib.