“Oyundan sonra hakim minimal təmas olduğunu söylədi. Videoda görünür ki, zərbə zamanı hücumçu ilə əlaqəm yoxdur”.
Bunu Milletinsesi.info saytına açıqlamasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” ilə qarşılaşmada (1:1) səbəb olduğu penaltidən danışarkən “Kəpəz”in futbolçusu Giorgi Kantariya söyləyib. Gürcüstanlı futbolçu karyerasında belə halın yaşanmadığını bildirib:
“Bu epizod haqqında çox danışılır. Təəssüf ki, VAR-ın bizə qarşı davrandığı məqamlar çox olur. Amma burada heç VAR-a baxılmadı. Zərbədən əvvəl təmas olub, amma bu, futbolçunun yıxılmasına səbəb olmayıb. Hücumçu ayağı yerə dəydiyi üçün yıxılırsa, penalti təyin edilməməlidir. Karyeramda belə bir şey olmamışdı və ümid edirəm ki, bundan sonra olmayacaq. Hamımız səhv edirik, o cümlədən hakimlər də. Sadəcə olaraq bu səhvləri etiraf etməli və yenidən izləmək fürsətiniz olduqda bunu etməlisiniz. VAR bu imkanı yaradır”.
25 yaşlı yarımmüdafiəçi Gəncə klubuna qarşı çoxlu yanlış hakim qərarlarının olduğunu söyləsə də, bunların qərəzdən baş verdiyinə inanmadığını bildirib:
“Bizə qarşı çoxlu səhv var, amma kiminsə bunu qəsdən etdiyini söyləmək mənim üçün çətindir. Heç kimi müzakirə etmək istəmirəm. Hamı hər şeyi bilir və hamı hər şeyi görür. Ümid edirəm ki, gələcəkdə belə səhvlər olmayacaq, çünki bunlar oyunun nəticəsinə təsir edir”.
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov klubda şəraitsizlikdən şikayətlənib. O, tərcüməçinin olmadığını, stadionda isti su gəlmədiyi üçün oyunçuların matçdan sonra evlərində çimdiyini bildirib. Kantariya isə bütün bunlara əhəmiyyət vermədiklərini söyləyib:
“Buradakı şərait əslində aydındır. Baş məşqçi düz deyir. O, keçmiş futbolçudur və oyunçulara nə lazım olduğunu çox gözəl anlayır. Bunun üçün çox narahat olur və bizi maksimum dərəcədə dəstəkləyir, edə biləcəyi hər şeyi edir. Ancaq buradayıqsa, heç nəyin olmaması bizi qorxutmur. Buna əhəmiyyət vermirik. Hər şeyin yaxşı olması üçün mübarizə aparacağıq”.
Gürcü futbolçu düşmə zonasında olan komandanın elitada qalması üçün hər şeyi edəcəklərini bildirib:
“Düşmə zonasındayıq. Bütün bunları başa düşürük və liqanın yuxarısına qalxmaq üçün hər şeyi edirik. Gənc, perspektivli komandamız, inkişaf edən və yaxşı futbol göstərən çoxlu cavan oyunçularımız var. Səhvlərimizə görə çox xallar itirdik. Futboldur və oyunun necə olacağını heç vaxt təxmin edə bilməzsən. Oyunu maraqlı edən də budur. “Kəpəz”in Premyer Liqada qalması üçün hər şeyi edəcəyik. Futbolun çox sevildiyi Gəncə və “Kəpəz” klubu elitada yer almağa layiqdir”.
Faiq Tahirov