"Mərkəzdə tədris kurslarının rəhbəri Qabil müəllimin yanında Asif adlı şəxslə görüşdük. Asif dedi ki, guya dərs vaxtı onun qohumu olan qıza qarşı əxlaqsız hərəkət etmişəm. Ona sinif otağında şagirdlərin qarşısında hansı əxlaqsız hərəkətlər edə biləcəyimi deyərək yalan danışdığını bildirdim.
Asif mənə qızın bibisinin, xalasının gələcəyini, məni çəkib sosial şəbəkələrdə yayacaqlarını söylədi. Mənim pul verməyimi istədi. Asifə heç bir hərəkət etmədiyimi söylədim.
Asif dedi ki, bu iş 3000 manatlıq işdir, sən 3000 manatı da verəcəksən, yoxsa çəkilişlə səni sosial şəbəkələrdə rüsvay edəcəm. Uzun illər müəllim işlədiyim üçün rüsvay olmaqdan, qohumlarımın və tanışlarımın yanında hörmətsiz vəziyyətə düşməkdən qorxaraq onun təklifi ilə razılaşdım".
"Pul tələb etdi"
Rahib qeyd edib ki, bundan bir neçə gün sonra, yəni təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Asif ona zəng vurub və pul tələb edib: "Balakən şəhərində "Balməkan" marketin qarşısında görüşüb ona 500 manat verdim. Asifə pulum olduqca verəcəyimi bildirdim. Bir həftə sonra yenə zəng vurdu, Balakən şəhərində olduğunu bildirdi, məndən pul tələb etdi. Yenə "Balməkan" marketin qarşısında görüşdük və Asifə 500 manat verdim.
Bundan təxminən 5-6 gün sonra təkrar zəng vuraraq pul tələb etdi. Bu dəfə də "Balməkan" marketin qarşısında görüşdük, ona 500 manat verdim".
Rahib bildirib ki, təxminən 5 gün sonra Asif ona zəng vuraraq Balakən şəhərində olduğunu deyib və pul tələbini təkrarlayıb: "Mən də pulumun olmadığını dedim. Bundan sonra Asif yol gəldiyi üçün məndən 40 manat istədi. Ona pulum olmadığını, səhəri gün pul verə biləcəyimi dedim.
Səhəri gün Zaqatala şəhərində "Ağ Saray" şadlıq sarayının qarşısında Asiflə görüşdük, ona 40 manat verdim. Ardınca bir neçə dəfə yenə məndən pul tələb etsə də, ona pulumun olmadığını bildirdim.
Lakin Asif evimə gəldiyi üçün polisə müraciət etmək fikrinə düşdüm, Zaqatala rayon polis şöbəsinə şikayət etdim".
Rahibin bildirdiyinə görə, Asifə vermiş olduğu 1540 manat pulu Beynəlxalq Bankdan 1800 manat kredit götürərək verib: "Asif məni sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək pul tələb edirdi. Mən də ailəm və nəvələrim olduğu üçün rüsvay olmamaqdan ötrü Asifə pul verməyə razılaşdım.
Asif məndən 3000 manat pul tələb etsə də, ona cəmi 1540 manat vermişəm. Əvvəlcədən razılaşdığımız kimi pulları ona hissə-hissə çatdırmışam.
Azyaşlı uşağa qarşı heç vaxt əxlaqsiz hərəkətlər etməmişəm. Sinifdə digər uşaqların gözü qarşısında bu hərəkətlərin törədilməsi mümkünsüz bir işdir. Hesab edirəm ki, bu mənə qarşı pul tələb edilməsi üçün qurulmuş bir iş idi".
"Birinci dəfə təsadüfən əli dəydiyini düşündüm..."
Cinayət işi üzrə şahid qismində ifadə verən İlahənin sözlərinə görə, 1-ci günmüş Zaqatala şəhərində yerləşən təhsil kursuna gedib: "Son dərs fizika fənnindən idi. Sinifdə 3 qız şagirdi olmuşuq. Müəllim sinifə gəldi, məni lövhəyə çağırdı və tapşırıqlar verdi.
Tapşırığı yerinə yetirdikdən sonra mənə afərin dedi. Sonra arxa tərəfdən yaxınlaşaraq əlini sinəmə vurdu. Birinci dəfə dəydikdə təsadüfən baş verdiyini düşündüm. Sonra ikinci və üçüncü dəfə sinəmə toxundu. Bu zaman həyəcanlandım və çantamı götürərək sinifdən çıxdım.
Evə getdikdə əvvəlcə nənəmi gördüm və keçirdiyim stresdən ağladım, eyni zamanda burnumdan qan açıldı. Sinifdə olarkən uşaqlar həmin hadisəni görmədilər. Çünki mən arxaya çevriləndə uşaqlara baxdım. Onlardan birinin pəncərədən sallanaraq çölə baxdığını, digərinin isə parta üzərində yatdığını gördüm.
Bu hadisə ilə əlaqədar bir dəfə psixoloq yanında seans almışam. İkinci seansa getməmişəm. Anam məni Bakı şəhərinə apardı".
"Qızıma əxlaqsız hərəkət edib"
Azyaşlının anası Elmiranın bildirdiyinə görə, Rahib adlı müəllim qızı İlahənin sinəsinə toxunub, bundan qız həyəcanlanaraq stress keçirib: "Asifdən xahiş etdim ki, Rahiblə görüşsün və bu məsələyə aydınlıq gətirsin. Uşağın psixikasında problem yarandığı üçün psixoloqa aparmaq və tələb olunarsa müalicə etdirməyi düşünürdüm.
Hadisənin səhəri günü Asif bildirdi ki, Rahiblə görüşüb, müəllim ona təxminən 1000 manat verməyi təklif edib. Asif mənə həmin gün 500 manat verdi. Ümumilikdə Asif mənə 900 manat verib.
Asif heç vaxt Rahibə hədə-qorxu gəlməyib, onu sosial şəbəkələrdə biabır edəcəyini bildirməyib. Rahib pulu könüllü verib. Pulun almaqda məqsəd qızımı müalicə etdirmək olub. Cəmi bir seans uşağı psixoloqa aparmışam. Psixoloq həftənin eyni günü yanına gəlməyimizi tövsiyə etdi".
Məhkəmə sənədlərində məlum olur ki, əvvəlcə Asif və Elmiranın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu gəlmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Amma istintaq zamanı hər iki maddə üzrə aparılan cinayət işinə xitam verilib. Elmira cinayət məsuliyyətindən azad edilsə də, Asifə istintaqın sonunda Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham verilib.
Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb. Hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda Asifin əməli tam sübuta yetirilib.
Ona 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib. Asif məhkəmə zalından həbs edilib.
Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Rahibin barəsində cinayət işi ayrıca icraata götürülüb və material araşdırılması üçün istintaqa göndərilib.