Sədr müavini Sədaqət Qəhrəmanova: “Dövlət qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verir”

 11-03-2023

“Azərbaycan dövləti qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verir, onların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət aparır”.

Bunu “Report”un ABŞ bürosuna müsahibəsində Nyu-York şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyasında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Sədr müavini bildirib ki, beynəlxalq tədbirdəki çıxışlarında və ikili görüşlərində Azərbaycanın gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə tədbirləri, kənd qadınının fəallığı proqramının həyata keçirilməsi, Azərbaycanda qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər və s. mövzularda təcrübələrini paylaşıb: "Azərbaycan qadınları hər zaman cəmiyyətin həyatında önəmli rol oynayıblar. Əbəs yerə deyil ki, Şərqdə ilk qızlar məktəbi Azərbaycanda açılıb. Ölkəmizdə hələ 1918-ci ildə qadınlara seçki hüququ verib. Tarixin bütün dövrlərində Azərbaycan qadını bütün sahələrdə öz gücünü ortaya qoyub. Həm döyüş meydanında, həm də diplomatiyada Azərbaycan qadınının imzası var”.

S.Qəhrəmanova deyib ki, Dövlət Komitəsi qadınlarla bağlı həyata keçirdiyi uğurlu layihələri və ölkəmizin bu sahədəki uğurlarını BMT-yə üzv ölkələrlə paylaşacaq: “Gender bərabərliyinin hərtərəfli təmin olunması Azərbaycan dövlətinin məqsədlərindəndir. Biz bu sahədə xüsusilə son illərdə çox böyük uğurlara imza atmışıq. BMT-də reallaşdırdığımız ikili görüşlərimizdə dövlət proqramlarına daxil edilən gender layihələri barəsində həmkarlarıma məlumatlar verdim. Onlar Azərbaycanın bu sahədə qazandığı uğurlarını model kimi tətbiq etməyə hazır olduqlarını dedilər. Biz də, öz növbəmizdə bütün uğurlu təcrübələrimizi paylaşmağa hazır olduğumuzu bildirdik”.

Bənzər yazılar

0.33796811103821