Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də altı lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmaların ümumi məbləği 213.092 manat təşkil edib.
1. Maşın və avadanlıqların əsaslı təmiri 48873.52 AZN
2. Dəftərxana və Təsərrüfat xərcləri 37499.55 AZN
3. Bərk inventarların alınması 22294.6 AZN
4. Maşın və avadanlıqların alınması 47487.55 AZN
5. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması 27969.55 AZN
6. Tibbi blankların alınması 27970 AZN
MillətinSəsi.info Qlobal.az-a istinadən xəbər verir ki, Respublika Perinatal Mərkəzinin 2022-ci ilin fevral ayının 18-də yekun vurduğu satınalmalarda qalib elan edilən təşkilatların bəzilərinin hüquqi ünvanları və qeydiyyata alındıqları tarix eynidir.
Eyni hüquqi ünvan, müəmmalı MMC-lər və yüzminlik müqavilələr
Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də “Maşın və avadanlıqların əsaslı təmiri” lotu üzrə sifarişçi olduğu satınalmada “KASPİAN TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. “KASPİAN TİKİNTİ” MMC 2019-cu ilin may ayının 19-d dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı on manat olan şirkətin hüquqi ünvanı NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 2, m. 17 ünvanı, qanuni təmsilçisi isə Seyidov Nicat Eysan oğludur.
Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də “Maşın və avadanlıqların alınması” lotu zrə sifarişçi olduğu satınalmada isə “NB CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. “NB CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyun ayının 28-də dövlət qeydiyyatına alınıb.
On manat nizamnamə kapitalı olan “NB CONSTRUCTİON” MMC Mərkəzin sifarişçi olduğu digər satınalmada qalib elan edilən “KASPİAN TİKİNTİ” MMC ilə eyni ünvanda qeydiyyatdadır. “NB CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi isə əvvəl Bəhlulov Namidar Bəxtiyar oğlu, hazırda isə Aziz Şahin adlı şəxsdir. Qlobal.az-ın əldə etdiyi məlumata görə Namidar Bəhlulov Sumqayıt şəhər sakinidir.
Maraqlıdır ki, Respublika Perinatal Mərkəzinin “Bərk inventarların alınması” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən fiziki şəxs Teymurov Əli Məhəmməd oğlu da Sumqayıt şəhər sakinidir.
Bu dəfəki qalib MMC-lər “qonşu” çıxdılar
Mərkəzin “Dəftərxana və Təsərrüfat xərcləri” lotu üzrə sifarişçi olduğu satınalmada “OLİNER” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. “OLİNER” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin dekabr ayının 14-də qeydiyyata alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 52 ünvanı, qanuni təmsilçisi isə Hüseyinov İsrafil Tofik oğludur.
Daha maraqlı məqam isə Respublika Perinatal Mərkəzi 2022-ci ilin fevral ayının 18-də “Tibbi blankların alınması” lotu üzerə sifarişçi olduğu satınalmadır. Belə ki, Mərkəzin yekun vurduğu bu satınalmada “FATEH-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. “FATEH-2019” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı on manatdır.
Bu şirkət Mərkəzin bundan əvvəlki satınalmasında qalib elan edilən “OLİNER” MMC-dən 1 həftə sonra 2020-ci ilin dekabr ayının 21-də qeydiyyata alınıb. İlginc məqam isə “FATEH-2019” MMC-nin hüquqi ünvanı ilə bağlıdır.
Belə ki, “FATEH-2019” MMC Respublika Perinatal Mərkəzinin “Dəftərxana və Təsərrüfat xərcləri” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən “OLİNER” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə qonşudur – FƏTƏLİXAN XOYSKİ PR., ev 138A, m. 49. “FATEH-2019” MMC-nin qanuni təmsilçisi isə Verdizadə Pərviz Saday oğludur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Verdizadə Pərvizin adına həmin ünvanda çoxsaylı MMC-lər təsis edilib. Bu MMC-lərin dövlət satınalmalarında “otkad” əməliyyatları üçün yaradıldığı ehtimal edilir.
Qalib elan edilən MMC-lərin fəaliyyət profilləri, maddi-texniki bzaları barədə açıq internet resurslarında heç bir informasiya yoxdur.
Respublika Perinatal Mərkəzinin direktoru Məryəm Rzayevadır. Ötən il mediada Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü barədə məlumat yer alıb. Perinatal Mərkəzin bir qrup həkimi “Qafqazinfo” saytına müraciət edərək Məryəm Rzayevanın Respublika Perinatal Mərkəzində monopoliya yaratdığını, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satdığı iddia edilirdi.
Respublika Perinatal Mərkəzi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrindəndir. Qlobal.az Perinatal Mərkəzin keçirdiyi satınalmalardakı məqamlarla bağlı TƏBİB-dən münasibət öyrənməyə çalışsa da, qurum heç bir mövqe bildirmədi. TƏBİB-in İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzi müstəqil olaraq hər il müxtəlif lotlar üzrə satınalmalar həyata keçirir. Qlobal.az Mərkəzin ötən ilki fəaliyyəti barədə Hesablama Palatasından münasibət öyrənib. Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Hesablama Palatası tərəfindən 2021-ci ildə Respublika Perinatal Mərkəzində audit aparılmadığını bildirdi.
Mənbə Qlobal.az