“Axundzadə ehtiyat edirdi ki, faciə əsəri yazarsa, bu, istər-istəməz Şəbeh teatrı ilə uyğunlaşacaq, onsuz da xalqımız Şəbeh tamaşasında sinə-baş vura-vura ağlayır, necə ki Mirzə Ələkbər Sabir deyirdi: “Ağladıqca kişi qeyrətsiz olar, necə ki ağladı və İran oldu”
Bu “Qaynarinfo”a Respublikanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru Əli Qayıb oğlu Nurzadənin (Əli Nur) Azərbaycan Milli Teatrının yaranma tarixi ilə bağlı araşdırma yazısında qeyd edilib.
...1844-cü ildə Rusiya dövlət və hərbi xadimi, general Feldmarşal Qraf Mixail Semyonoviç Vorontsov (1782-1856) London səfirliyindən Qafqazın inzibati mədəni mərkəzi şəhəri olan Tiflisə Qafqaz ordusunun baş komandanı və Qafqazın baş hakimi - canişini təyin olundu. (1825-1855). O, xanımı tərəfdən I Nikolayın qohumu idi. M.Vorontsov öz ağlı, biliyi ilə başqa çar inzibatçılarından elmə, ədəbiyyata, mədəniyyətə səyi və hamilik etməyi ilə fərqlənirdi. Vorontsov imperator I Nikolaya və hərbi nazir Knyaz Aleksandr Çernışevə məktubla müraciət edərək 1845-ci ildə Tiflisdə Rus Teatrının açılışını xahiş etdi.
Məktubda belə bir qeyd var:
“Zaqafqaziyaya gəlişimin birinci ilində Tiflisdə ictimai Rus Teatrı açmağın həm hərbi və mülki məmurlarımızı əyləndirmək, həm də xüsusilə yerli əhalini rus dili, rus əxlaqı ilə tanış etmək və onları Rusiya ilə daha da yaxınlaşdırmaq üçün əhəmiyyətli bir iş olacağını anladım”…
Vorontsov İtaliya Opera Teatrı artistlərini də Tiflisə dəvət edirdi. Hətta tədbirlərində və şəhər meydanlarında konsert verdirmək üçün Naxçıvandan ərdəbilli müğənni Səttarı da öz ansamblı ilə Tiflisdə saxlayırdı. Canişin Zaqafqaziyada yaşayan millətləri də yaddan çıxarmadı. O, imperatordan gürcü, erməni və Azərbaycan dilində fəaliyyət göstərən teatrların açılmasına da nail oldu (1849-cu ildə). 1848-ci ildə isə rusdilli qız məktəbinə - “Svyataya Nina”nın açılmasına da icazə aldı.
Gürcülər öz milli teatrının yaranmasını 1850-ci ildən götürür. Gürcü teatrının yaranması ilə bağlı olan bir tarixi hadisəni aydınlaşdırmağı lazım bildik.
1850-ci il yanvarın 11-də Tiflisdə ilk dəfə olaraq gürcü dilində Georgi Eristavinin (1811-1864, dramaturq, rejissor, ictimai xadim) “Bölgü” adlı əsərinin tamaşası göstərildi və bu tarix gürcü teatrının tarixi oldu. Bir az əvvəl isə 1832-ci ildə bir qrup gürcü zadəgan Rusiya imperiyasının əsarətindən qurtarmaq üçün Knyaz Orbelianinin evində verilən ziyafət zamanı Qafqaz canişini baron Rozeni və onun ətrafını həbs etmək, bununla da rus ordusunu başsız qoymaq planını hazırlayıb. Lakin plan baş tutmayıb. Məhkəmə sui-qəsd iştirakçılarına ölüm hökmü kəsib. Onların arasında Knyaz Georgi Eristavi də olub. Son anda ölüm hökmü Rusiya İmperatorunun qərarına əsasən, sürgünlə əvəz olunub. 1850-ci ildə artıq G.Eristavi sürgündən qayıdıb Tiflisdə yaşayırdı. Onun əsəri 1845-ci ildə açılan Rus Teatrının binasında yox, Tiflis gimnaziyasında oynanıldı. 1850-ci il 11 yanvarda o dövr çün dövlət əhəmiyyətli sayılacaq belə bir tədbirin həyata keçirilməsi ilə "şübhəli və ləkəli” bioqrafiyası olan Georgi Eristaviyə öz dilində teatr açmağa icazə verildi.
Ermənilərdən danışmaqsa mümkün deyil. Ermənilər öz teatr tarixini bütün dunyaya guya eramızdan əvvəl 53-cü ildə Yunan dramaturqu Evripidin “Vakxpərəst qadınlar” əsərinin oynanılması ilə bəyan edirlər, müəllif yunan, əsər yunan dilində, yunan şəhərində oynanılıb, bunun erməniyə nə dəxli var? Belə çıxır ki, erməni teatrı Yunan, Hind, Çin teatr tarixindən də qədimdir. Bu isə teatr tarixinə qəti uyğun gəlmir, cəfəngiyatdır. Əslində erməni teatrının tarixi 1863-cü ildə Sundukyanın (1825-1912, canişinin dəftərxanasında mütərcim) dramaturgiyası əsasında G.Çmişkyanın başçılığı altında Tiflisdə yaranıb.
Mirzə Fətəli Axundov (1812-1878) “Təmsilat”ına ön söz kimi yazdığı “Fehristi-Kitab” məqaləsində hicrinin 1266-cı ilində Knyaz Vorontsovun fərmanı ilə Tiflisdə teatr binası inşa edildiyini və bu teatrda “Hər bir əhli-elim”ə bu imkandan istifadə etmək üçün himayə və qayğı göstərdiyini söyləyir. Ayrıca teatr binası 1845-ci ildə inşa edilib və rus dilində tamaşalar üçün nəzərdə tutulub.
Canişin tərəfindən həyata keçirilən belə bir tədbir ruslaşma siyasətinə xidmət etməliydi. Gürcü, erməni və Azərbaycan dilində yazmaq üçün canişin üç dildə komissiya təşkilinə əmr verdi. Azərbaycan komissiyasında işləmək üçün Mirzə Fətəlidən başqa adam tapılmadı və axırda pyes yazmaq Mirzə Fətəliyə tapşırıldı. Bu, Vorontsovun Qafqazda apardığı mədəni islahatlarla bağlı idi. M.F Axundov 1850-ci ildə “Hekayəti-Molla Ibrahim Xəlil Kimyagər”, “Hekayəti-Müsyo Jordan həkimi-nəbatət və dərviş Məstəli şah Caduguni-məşhur”, “Sərgüzəşti Vəziri-Xani Lənkəran” komediyalarını yazmışdı. Hər üç komediyanın əlyazması üzərində müəllifin xəttilə yazılmışdı: “Təsnifi-kapitan” Mirzə Fətəli Axundzadə, Tiflis, fi sənaye 1267 (1850). 1851-ci ildə “Misyo Jordan həkimi nəbatət və dərviş Məstəli şah-Cadugəri-məşhur” və “Xırs Quldurbasan” komediyası çap edildi.
“Kavkaz” qəzeti, 30 oktyabr 1851-ci il. Bu gün orijinal “Xırs Quldurbasan” komediyası oynanacaq.
“Kavkaz” qəzeti, 2 fevral 1952-ci il. M.F.Axundov “Sərgüzəşti mərdi xəsis” komediyasını və “Mürafiə vəkilləri” tamamlayıb. Tiflis teatrı Petrovskinin benefisi
“Kavkaz” qəzeti, 14 may 1853-cü il. M.F.Axundov “Vəziri Xani-sərab”.
Azərbaycanda teatra doğru bir addım atan M.F.Axundzadə hansı mövzudan bəhs olunmasına baxmayaraq, əlvanlığı ilə göz qamaşdıran, min cür yozuma şərait yaradan altı əsər meydana gətirdi. Bu əsərlərin yazıldığı dilin kökündə böyük şərq mədəniyyəti dayanırdı.
Sual oluna bilər ki, niyə M.F.Axundzadə faciə janrına müraciət etməyib?
Axundzadə ehtiyat edirdi ki, faciə əsəri yazarsa, bu, istər-istəməz Şəbeh teatrı ilə uyğunlaşacaq, onsuz da xalqımız Şəbeh tamaşasında sinə-baş vura-vura ağlayır, necə ki Mirzə Ələkbər Sabir deyirdi: “Ağladıqca kişi qeyrətsiz olar, necə ki ağladı və İran oldu”.
Bu janra müraciət edən Nəcəf bəy Vəzirov “Müsibəti Fəxrəddin” əsəri ilə sübut etdi ki, M.F.Axundzadə yanılmayıb. Bu əsəri tam mənada Şərq ədəbiyyatına söykənən əsər adlandırmaq olar. Bu müsibətnaməni həm klassik faciə ilə, həm də Şəbeh tamaşalarının mətni ilə müqayisə edə bilərik. Ağlamaq - buna səbəb olacaq dərəcədə böyük sarsıdıcı hadisəyə hissi münasibətdir. Gülmək - bu hadisənin baş verməməsinə münasibətdir. Biz Axundzadənin yazdığı komediyada Parisdə hakimiyyətin dəyişməsinə gülmürük. Biz Parisdə baş verən hadisənin cadugər tərəfindən törədilməsinə inananlara gülürük. Biz Şeyx Nəsrullahın ölü dirildən yox, İsfahan lotusu olduğuna yox, onun ölü diriltməyinə inananlara gülürük. Yəni aldanan adamların savadsızlığına, elmsizliyinə, nadanlığına gülürük!..
“2 mart 1873-cü il, Bakı…
Tiflis canişininə
İnayətli Əfəndim!
Baron Aleksandr Pavloviç Nikolayevə!
Martın onunda müsəlmanların Novruz bayramıdır. Buranın yerli əhalisindən bir neçə şəxs o gün Mirzə Fətəli Axundovun “Vəziri-Xani Lənkəran” əsərini tatar (Azərbaycan) dilində oynamaq fikrindədirlər… Zaqafqaziya əhalisi arasında Bakı əhalisi Avropa adətlərinə ən çox yabançı qalaraq hər cür yenilik və xüsusən da tamaşadan uzaq qalırlar. Şübhəsiz onların arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət oyatmaq öz-özlüyündə onları bizə yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün maneəyəyə uğraması arzu olunacaq hal deyildi.
…Digər tərəfdən də pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan edilən əsərlər cümləsinə daxil olmasına səbəb olsun… Məsələni nəzəri-alilərinə ərz etməklə martın onunda məzkurə əsərin oynanılmasına lütfən icazə buyurmaq meylində olub-olmadığınızı teleqrafla bildirməklə bəndəni şərəfyab buyurmağınızı rica edirəm.
Ehtiramati - faqiəmi ərzə və il ax...
Dmitri Starolelski
Bakı general-qubernatoru”.
“8 mart, Tiflis
Bakıda general-qubernator D.Staroselskiyə!
205-ci maddənin yasaq qərarı xristian əhalisi üçün ümumi Teatr tamaşalarına aiddir. Mirzə Fətəli Axundovun əsərini ailəvi tamaşa surətilə oynamaq olar.
Aleksandr Pavloviç”.
“10 mart, Bakı.
Mart ayının 10-cu günündə Bakıda Sobraniyedə veriləcək təsnifi - Mirzə Fətəli Axundzadə “Sərgüzəşti Vəziri-Xani Lənkəran”. Keyfiyyəti dörd məclisdə bəyan olunub.
Vilayətin Xanı - Əliyar.
Mirzə Həbib Vəzir - Səməd.
Ziba xanım - Nəcəf (Bəy Vəzirov)
Teymur ağa - Əskər (ağa Çorani)”
Götürülüb: Azərbaycan Teatrının Salnaməsi, səh: 37, 1975-ci il.
Məktubda tamaşa oynamaq üçün adı çəkilməyən Həsən bəy Zərdabi idi. Zərdabi Azərbaycan mədəniyyətinin həm atası, həm də anası idi. O, 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olub və Şamaxı şəhərində rusdilli məktəbi fərqlənmə ilə bitirib və … 1858-ci ildə Şamaxı Qubernatoru onu Tiflis gimnaziyasına göndərib. Gimnaziyanı fərqlənmə ilə bitirən Zərdabi Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin Təbiət şöbəsini bitirib (1865). Zərdabi Sokrat kimi əlində çıraq insanları aydınlığa, işığa aparan dahi şəxsiyyət idi. O, Azərbaycan teatrının yaradıcısı idi... Hətta Üzeyir Hacıbəyliyə də demişdi: "Elə teatr yaz ki, orada aktyorlar oxusunlar!”
1880-ci ldə Hacı Zeynalabdin Tağıyev teatr binası tikdirdi. Bunu Azərbaycan teatr tarixində mühüm, əlamətdar bir hadisə kimi qiymətləndirməliyik…
"Şamaxı, 1858
Şamaxıda təsis olunan “Sivyataya Nina” qızlar məktəbinə Şuşadan Xan qızı Xurşidbanu Natəvan 1000 (min) manat qızıl pul göndərdi.
“Qafqaz” qəzeti”
ŞAMAXIDA TEATR:
6 dekabr, Şamaxı
… Keçən ilin axırlarında biz xeyriyyə məqsədilə bir teatr tamaşası vermək qərarına gəldik. Gənclərimiz toplanıb bir səhnə düzəltdilər, tələm-tələsik dekorasiya çəkdilər, pərdə və afişa hazırlandı, dekabrın 6-da tamaşa veriləcəyi elan edildi. Bu yenilik hamını maraqlandırdı, həvəskarların verdikləri beş tamaşada, bir yer də boş qalmamışdı. Şamaxıda afişalar əldən-ələ gəzirdi. Şəhərin hər tərəfindən tökülüb gəlir və bilet almağa çalışırdılar. Ətrafdan gəlmiş yerli əhalinin atları tamaşa binasının ətrafında kişnəyirdilər.
Tamaşa verilən binanın darısqallığından səhnəni yaxşı görmək olmurdu…
Bu hadisə şəhərdə bir teatr binası düzəltmək məqsədini yada saldı… Biz köhnə və boş qalmış daş binanı nəzərə aldıq. Bir çoxu “bundan bir şey çıxmaz” əqidəsində idi. Şəhərdə teatr binası barəsində düşünməyə başladılar. Məlum oldu ki, bu işə min beş yüzdən iki min manatadək gümüş pul lazımdır. Belə pul haradan tapılacaqdı? Bəlkə də tapdıq. Çünki şəhərdə şayiə yayılmışdı ki, bəziləri material, başqaları işçi qüvvəsi, bir başqası öz zəhməti ilə kömək etməyə hazırdır. Hətta yerli hörmətli adamlardan pul verməyə hazır olduğu barədə də danışırdılar. Bu söhbətlər getdiyi yerdə birdən-birə bir cavan bəy polismeystrlə cənabi qubernatorun yanına gəlib, teatr binası tikilməsi üçün 1500 manat verməyə hazır olduğunu bildirdi. Hətta, əgər artıq lazımdırsa, onu da verməyə razılıq verdi. Aydındır ki, onun ianəsini qəbul etdilər və bu barədə canişinə xəbər verdilər. Knyaz bizə icazə verdi ki, teatr tikmək üçün mağazalar binasını alaq və ianə verən Atabəy Zeynalbəy oğluna təşəkkür edək. Biz hazırlıq işlərinə başladıq. Bəs binanın planını kim hazırlayacaq? Baş arxitektor burada deyildi, onun köməkçisi şamaxılı Qasımbəy isə heç vaxt quberniyadan kənara çıxmamış və teatr binası görməmişdi. Bu, o qədər də qorxulu deyildi. Çünki əvvəla, Qasımbəy öz-özlüyündə savadlı, təcrübəli və işdə istedadlı olduğunu göstərmişdi, ona görə də bu təzə işi də başa düşürdü, ikinciyə qalan yerdə ümumi arzu hər bir arxitektordan yaxşıdır. Elə belə də oldu.
Buradakılardan birisi bir parça kağızın üzərində karandaş ilə teatrın eskizini çəkdi, təsadüfən buraya gəlmiş bir nəfər mühəndis zabit onu düzəltdi… Bundan sonra Qasımbəy əla bir plan hazırladı… Beləliklə bir ay keçməmiş köhnə mağazanın divarları arasında teatra yararlı bir bina hazır oldu. Təsəvvür edə bilərsiniz: səhnə həm uca idi, həm də geniş, üzü yuxarı olan zalda yüz ver vardı, iki tərəfdən 14 loja düzəldilmişdi: birinci olmaq üzrə Şamaxıya bundan artıq nə lazım idi? Halbuki, elə Tiflisin də birinci teatrı manejdə qayrılmışdı, özü də bizimkindən çox da yaxşı deyildi… Hər halda aprelin 17-də birinci tamaşa verildi, artistlər və teatr tikənlər alqışlarla qarşılandılar…
(“Kavkaz”, 6 iyul 1858)
“Azərbaycan Teatrının Salnaməsi” (1850-1920)
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1975.
Deməli, əslində Azərbaycan Milli Teatrının tarixi 1873-cü ildən yox, 1858-ci ildə Şamaxıda açılan teatrla tariximizə yazılmalıdır. 1859-cu ildə Şamaxıda güclü zəlzələ nəticəsində teatr binası dağıldı. Şamaxı qubernatorunun Çar II Aleksandra müraciəti nəticəsində Quberniya mərkəzi Bakı şəhərinə köçürüldü.