“Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.
O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışaraq qeyd edib ki, Rusiya bu prosesdə iştirak edən digər tərəflərə qarşı deyil, lakin bunun səmimi şəkildə həyata keçirilməsi vacibdir: “Amma bəzi qeyri-regional oyunçular bu prosesdə regiona fayda vermək üçün deyil, şəxsi maraqları naminə iştirak edirlər. İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir”.
Nazir vurğulayıb ki, Rusiya-Azərbaycan-İran üçtərəfli formatının normal gələcəyi var: “Rəsmi Moskva bu formatın bərpasına töhfə verməyə hazırdır. Pandemiya dövründən əvvəl Rusiya-Azərbaycan-İran üçtərəfli formatı uğurla fəaliyyət göstərirdi. Düşünürük ki, onun yaxşı gələcəyi var. İndi biz maraqlıyıq ki, iranlı həmkarlarımız Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görsünlər. Biz bu problemin həllinə kömək etməyə çalışacağıq”.
S.Lavrov 3+3 formatında daha bir regional əməkdaşlıq platformasından danışaraq bildirib ki, ikinci görüşə hazırlıq gedir:
“3+3 platforması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşıb. Bu mexanizmin yalnız bir iclası keçirilib. Gürcüstan isə iştirakdan yayınıb. Lakin biz razılaşdıq ki, Tbilisi üçün qapını həmişə açıq saxlayaq. Bu, hazırkı mərhələdə ikinci görüşün hazırlanması kontekstində tamamilə aktual olaraq qalır.
Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, - o vurğulayıb.
Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktiki xarakter daşıyıb”.