Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə növbəti iclas olub.
Bu barədə “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin təqdim etdiyi vəsatət üzrə iclasda qərar açıqlanıb.
Vəsatət yenə təmin edilməyib, Bəxtiyar Hacıyev həbsdə saxlanılıb.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs olunub. O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri 47 gündür ki, aclıq aksiyası keçirir. Vəkilləri Hacıyevin səhhətinin ağır olduğunu bildirirlər.
Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri ictimai fəalın həbsini sifarişli sayır və Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edirlər.
Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb.