Multikulturalizm Qış Məktəbi Xaçmazda DAVAM EDİR

 23-02-2023

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Xaçmazda davam etdirir.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 23-də iştirakçılar “Azərbaycanda dil siyasəti və çoxdillilik” mövzusunda mühazirə dinləyiblər.

Mühazirəni Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova təqdim edib. O, iştirakçılara Azərbaycanın müstəqillik qazandıqdan sonra həyata keçirilən dil siyasətinin prioritetləri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, mühazirədə keçmiş sovet dönəmində ölkəmizdə dil siyasətinə yanaşma da öz əksini tapıb.

Bildirilib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması vacibdir.

Qeyd olunub ki, Azərbaycanda etnik azlıqların dillərinə daim xüsusi diqqətlə yanaşılıb. Azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından Azərbaycan örnək ölkələr sırasındadır. Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkədə həmin istiqamətdə problemləri yox səviyyəsinə endirə bilir. Ruslar, yəhudilər, talışlar, ləzgilər, tatlar, gürcülər və digər milli azlıqlar Azərbaycanda mehriban bir ailədə yaşayırlar, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları gün ərzində Xaçmaz şəhərində Tarix-diyarşünaqlıq Muzeyi, açıq səma altında Şəxsiyyətlər Muzeyi və başqa görməli yerlərlə tanış olacaqlar. Günün sonunda “Öz xalqını təqdim et” musiqili axşam təşkil ediləcək. Musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat verəcəklər.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak edirlər.

 

Bənzər yazılar

0.13814902305603