90-cı illərdə Azərbaycana Fars körfəzi ölkələrindəki terrorçu qruplaşmalardan da ciddi terror təhlükəsi var idi.
Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda məzhəbçilik çox geniş yayılırdı.
“Radikal vəhhabiliklə, radikal şiəliyin ölkəmizdə yayılmasında, sanki bir yarış gedirdi. Biz həmin dövrdə Fars körfəzi ölkələri tərəfindən idarə olunan bir neçə terror qruplaşmalarını, dəstələrini neytrallaşdırdıq. Həmin terrorçu qruplar tərəfindən də ölkəmizdə terror aktlarının törədilməsi planlaşdırılmışdı. O cümlədən “Ceyşullah” adlanan terrorçu dəstə var idi, onların rəhbərliyi də neytrallaşdırıldı”.
S.Heydərov əlavə edib ki, ulu öndər Heydər Əliyev Qəbələyə səfər edən zaman ona qarşı terror aktı planlaşdırılmışdı.
“Bundan başqa Amerika, İsrail səfirliklərinə terror aktı və aeroportun ələ keçirilməsi planlaşdırılmışdı. Bütün bunların qarşısı Heydər Əliyevin rəhbərliyi ilə qətiyyətlə alındı”, - deyə o qeyd edib.