“Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib.
“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi. Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib. Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb
Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür. Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil”.
Dövlətimizin başçısı vurğulayıb: “Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var”.
Prezident İlham Əliyev qeyd edib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur. “Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”, - deyə dövlətimizin başçısı qeyd edib.
“Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi. Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ic ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi. Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik. Ona görə də bu, ədalətli müharibə idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib: “Biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi”.